Please Wait
24266
Muxtarın barəsində hədis kitablarında gələn rəvayətlər iki qisimdir: bəzi rəvayətlərdə o təriflənir, bəzilərində isə məzəmmət olunur. Hədis və rical alimləri Muxtarın barəsində olan hədislərlə qarşılaşarkən əksər hallarda onu tərifləyən rəvayətlərə üstünlük vermiş və bunun müqabilində olan rəvayətlərlə əlaqədar müxtəlif nəzəriyyələr irəli çəkmişlər.
Mərhum Məclisi Muxtarın nicat tapması ilə əlaqədar deyilən rəvayəti onun mədhində və məzəmmətində olan rəvayətlərin arasında ittifaq yaratmaq üçün bir əsas hesab edir. Belə ki, ilkin əqidəsinə görə Cəhənnəm əhli olmuş, lakin axırda imam Hüseyn (əleyhis-salam)-ın şəfaəti ilə ilahi əzabdan nicat tapmışdır. Amma Ayətullah Xoi (rəhmətullah əleyh) bu rəvayətin sənədini zəif bilir.
Muxtar Səqəfi imam Hüseyn (əleyhis-salam)-ın Kərbəladakı qiyamından və Aşura hərəkatından əvvəl o həzrətin Kufədəki səfiri Müslim ibni Əqli himayə etdiyinə görə İbni Ziyadın göstərişi ilə həbs edildi və Kərbəla qiyamının axırına qədər zindanda qaldı.
Muxtar ibni Əbi Übeydə. Səqif qəbiləsindəndir, künyəsi Əbu İshaq, ləqəbi Keysandır. (Keysan huşyar və ayıq şəxs mənasınadır.)[1]
Əli (əleyhis-salam)-ın köməkçilərindən olan Əsbəğ ibni Nubatə deyir: “Keys (Keysan) ləqəbini Əli (əleyhis-salam) Muxtara vermişdir.”[2]
O, ədəb-ərkanı və əxlaqi fəzilətləri Əhli-beyt (əleyhimus-salam) məktəbindən öyrənmişdi. Cavanlığının əvvəllərində öz atası və əmisi ilə birlikdə (Əli (əleyhis-salam)-ın qoşununda) İran ordusu ilə müharibə aparmaq üçün İraqa gəlmişdi. O həzrətin şəhadətindən azacıq qabaq Bəsrəyə gəlmiş və orada məskunlaşmışdı.[3]
Əllamə Məclisi (rəhmətullahi əleyh) buyurur: “Muxtar Əhli-beytin fəzilətlərini bəyan edir, imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın əxlaqi səciyyə və fəzilətlərini camaat arasında yayır və inanırdı ki, Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra imamət və hakimiyyət üçün hamıdan irəli və ləyaqətlidir. Habelə, Peyğəmbər Əhli-beytinə baş verən çətinliklərdən narahatlıq hissi keçirirdi.”[4]
Muxtarın şəxsiyyəti ilə əlaqədar hədis kitablarında gələn rəvayətlər iki qisimdir: bəziləri onu tərifləyir, bəzi rəvayətlər isə onu məzəmmət edir.
a) Muxtarın mədh və tərifində olan hədislər
Hədis kitablarında Muxtarın tərifi ilə əlaqədar nəql olunan hədislər çoxdur. Amma ixtisara riayət etmək üçün onlardan üçünü qeyd edirik:
1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Muxtar imam Hüseyn (əleyhis-salam)-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərdikdən sonra Haşimi qadınları başlarını darayıb, həna qoymağa başladılar.”[5]
Ayətullah Xoi (rəhmətullah əleyh) bu rəvayəti səhih hesab edir.[6] Bu rəvayət Muxtarın gördüyü əməlləri dəstəkləyən bir nişanədir.
2. “Muxtara nalayıq sözlər deməyin, çünki o bizim qatillərimizi öldürüb intiqamımızı aldı, çətin şəraitlərdə müəyyən miqdarda mal-dövləti bizim aramızda bölüşdürdü, dul qadınlarımızın (iqtisadi) vəziyyətini sahmana saldı.”[7]
3. Bir rəvayətdə deyilir ki, Übeydullah ibni Ziyad və Ömər Sədin kəsik başını imam Səccad (əleyhis-salam)-ın yanına gətirdikləri zaman səcdəyə düşdü və Allaha həmd-səna etdikdən sonra buyurdu: جَزىَ اللهُ المُختارَ خَیراً “Allah Muxtara xeyir əvəzi versin!”[8]
b) Muxtarın məzəmmətinə dəlalət edən hədislər
Burada nümunə üçün üç rəvayəti qeyd edirik:
1. İmam Sadiq (əleyhis-salam) buyurur: “Muxtar imam Səccad (əleyhis-salam)-ın adından yalan danışırdı.”[9]
2. Bir rəvayətdə də deyilir ki, Muxtar imam Zeynul-abidin (əleyhis-salam) üçün 20 min dinar (qızıl pul) göndərdi. Həzrət onu qəbul edərək xarab olmuş mənzillərin abadlaşdırılmasına sərf etdi. Digər dəfə qırx min dinar pulu imam Səccad (əleyhis-salam)-a göndərdi. Amma bu dəfə onun hədiyyəsini qəbul etmədi.[10] Və başqa bir rəvayətə görə buyurdu: فَإِنِّی لَا أَقْبَلُ هَدَایا الْکَذَّابِین “Mən yalan danışanların hədiyyəsini qəbul etmirəm!”[11]
3. Muxtara vurulan digər bir tənə bundan ibarətdir: O, Məhəmməd ibni Hənəfiyyənin imamətinə inanır və camaatı ona doğru dəvət edirdi. Bu məsələ ilə əlaqədar “keysaniyyə” firqəsi yaranmışdır.[12]
Muxtar alimlərin nəzərindən
Hədis və rical alimlərinin çoxu Muxtarla əlaqədar rəvayətlərlə qarşılaşan zaman onun tərifində olan rəvayətlərə üstünlük vermiş, bunun müqabilində olan rəvayətlərlə əlaqədar müxtəlif izahlar və nəzəriyyələr irəli sürmüşlər. O cümlədən:
a) Muxtarın məzəmmətində deyilən rəvayətlər sənəd baxımından son dərəcə zəifdir.[13] Kəşşi bu barədə buyurur: “Belə nəzərə çarpır ki, bu rəvayətlər sünnülər tərəfindən quraşdırılan saxta rəvayətlərdir.”[14]
b) Ehtimal verilir ki, bu kimi hədislər təqiyyə üzündən, eləcə də imamların və ümumi şəkildə Bəni-Haşimin zalım hakimlərin şərindən amanda qalması məqsədi ilə onların (imamların) tərəfindən deyilmiş olsun.[15]
v) Bir hədisdə deyilir ki, Muxtar imam Səccad (əleyhis-salam) və onun ailəsi üçün iki dəfə hədiyyə göndərdi. Yalnız ikinci dəfə həzrət hədiyyələri qəbul etmədi. Səbəbi də Muxtarın yalançılıqda müttəhim olunması kimi bəyan edilir. Bu məsələ çox zəif nəzərə çarpır. Çünki əgər hədiyyələrin qəbul edilməməsinin səbəbi onun yalan danışması olsaydı, birinci dəfədə də qəbul edilməməli idi.[16]
v) Keysaniyyə firqəsinin yaranmasını Muxtara aid edən rəvayətlərdə Muxtarın yalançı olması iddia edilir. Rical alimlərinin nəzərinə görə bu, sünnü alimlərinin ona vurduğu töhmətlərdən başqa bir şey deyildir. Çünki Məhəmməd ibni Hənəfiyyə heç vaxt imamət iddiası etməmişdi ki, Muxtar da camaatı ona doğru çağırmış olsun. Bundan əlavə, keysaniyyə firqəsi Məhəmməd ibni Hənəfiyyənin vəfatından sonra formalaşmışdır.[17]
Muxtarın əqidəsi
Alimlərdən bəziləri də Muxtarı düzgün və səhih əqidəyə sahib olduğunu qəbul etməmiş və bu məsələni iki rəvayətə istinadən demişlər ki, onları qeyd edirik:
عَنْ أَبِی عَبْدِ اللَّهِ (ع) قَالَ لِی: "یجُوزُ النَّبِی(ص) الصِّرَاطَ یتْلُوهُ عَلِی وَ یتْلُو عَلِیاً الْحَسَنُ وَ یتْلُو الْحَسَنَ الْحُسَینُ فَإِذَا تَوَسَّطُوهُ نَادَى الْمُخْتَارُ الْحُسَینَ(ع) :یا أَبَا عَبْدِ اللَّهِ(ع) إِنِّی طَلَبْتُ بِثَارِکَ فَیقُولُ النَّبِی(ص) لِلْحُسَینِ(ع) :أَجِبْهُ؛ فَینْقَضُّ الْحُسَینُ(ع) فِی النَّارِ کَأَنَّهُ عُقَابٌ کَاسِرٌ فَیخْرِجُ الْمُخْتَارَ حُمَمَةً وَ لَوْ شُقَّ عَنْ قَلْبِهِ لَوُجِدَ حُبُّهُمَا فِی قَلْبِهِ
1. İmam Sadiq (əleyhis-salam) buyurur: Peyğəmbər-Əkrəm (səlləllahu əleyhi və alih) Sirat körpüsündən keçir, onun arxasınca Həzrət Əli, sonra İmam Həsən, daha sonra imam Hüseyn. Onlar Sirat körpüsünün ortasına çatan zaman (cəhənnəm əzabında olan) Muxtar nida edib deyir: “Ey Əba Əbdillah! Axı mən sənin intiqamını almışdım?!” Peyğəmbər buyurur: “Ey Hüseyn, ona cavab ver!” Sonra imam Hüseyn şahin quşu kimi Muxtara cəhənnəmin atəşindən nicat verir. Əgər Muxtarın qəlbi yarılsaydı, əvvəldəki iki xəlifəyə qarşı məhəbbət onun qəlbində görünəndi.”[18]
2. Bu məzmuna yaxın olan başqa bir rəvayət imam Sadiq (əleyhis-salam)-dan nəql olunur. Rəvayətin axırında ravi imamdan soruşur: “Nə üçün Muxtar gördüyü bu qədər xidmətlərlə belə cəhənnəm odunda giriftar olub?!” İmam cavabında buyurur: “Çünki Muxtarın sinəsi əvvəldəki iki xəlifənin məhəbbəti ilə dolmuşdu...” Sonra imam and içib buyurur: “Əgər Cəbrəilin və Mikailin də qəlbində bu iksinə qarşı zərrə qədər məhəbbət olsaydı, Allah-taala onları üzü üstə cəhənnəm oduna atardı!”[19]
Əllamə Məclisi (rəhmətullahi əleyh) bu rəvayəti Muxtarı tərifləyən və onun məzəmmətinə dəlalət edən sair rəvayətlər arasında müştərək cəhət hesab edir və deyir: “Əvvəlki əqidəsinə görə cəhənnəm əhli olmuş, lakin münasib rəftar və əməllərinə görə axırda İmam Hüseyn (əleyhis-salam)-ın vasitəsi ilə ilahi əzabdan nicat tapmışdır.”[20]
Amma Ayətullah Xoi (rəhmətullah əleyh) bu iki rəvayətin sənədini zəif bilmiş və Muxtarın əqidəsini səhih hesab etmişdir.[21]
Muxtar və imam Hüseyn (əleyhis-salam)-ın qiyamı
Muxtar Səqəfi Aşura qiyamdan əvvəl imam Hüseyn (əleyhis-salam)-ın Kufədəki səfiri Müslim ibni Əqili himayə etdiyinə görə (Müslimin şəhadətindən sonra) İbni Ziyadın göstərişi ilə həbs olundu və Kərbəla qiyamının axırına qədər Kufədə zindanda qaldı.[22] Buna görə də Kərbəlada iştirak edə bilmədi ki, imam Hüseyni müdafiə etmiş olsun.
[1] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 45-ci cild, səh. 345, “Vəfa” müəssisəsi, Beyrut, 1404-ci h.q ili; Firuzabadi, Məhəmməd ibni Yəqub, “Qamusul-mühit”, 1-ci cild, səh. 257, Beyrut, “Daru ehyait-turasil-ərəbi”, 1991-ci miladi il
[2] Kəşşi, “Ər-rical”, səh. 127, Tehran, 1348-ci şəmsi il; "Biharul-ənvar", 45-ci cild, səh. 344
[3] Musəvi Muqərrəm, Əbdür-Rəzzaq, “Məqtəlul-Huseyn (əleyhis-salam)”, “Darus-siqafə”, 2-ci çap, 1411-ci il; Zərkəli, Xeyruddin, “Əl-ə`lam”, 8-ci cild, səh. 70, 1-ci çap, Beyrut, “Darul-elm lil-məllain”
[4] “Biharul-ənvar”, 45-ci cild, səh. 352
[5] “Biharul-ənvar", 45-ci cild, səh. 386; “Rical”, Kəşşi, səh. 127
[6] Xoi, Əbul-Qasim, “Möcəmur-rical”, 18-ci cild, səh. 94, Qum, 1410-cu h.q ili
[7] “Biharul-ənvar", 45-ci cild, səh. 343, “Rical”, Kəşşi, səh. 125
[8] “Rical”, Kəşşi, səh. 127
[9] "Biharul-ənvar", 45-ci cild, səh. 343
[10] “Rical”, Kəşşi, səh. 128
[11] Yenə orada, səh. 126
[12] Hilli, İbni Davud, “Rical”, səh. 514, Tehran, 1383-cü şəmsi il
[13] “Möcəmur-rical”, 18-ci cild, səh. 97
[14] “Rical”, İbni Davud, səh. 514. Bu məsələ Kəşşinin “Rical” kitabında yoxdur. Bəlkə də İbni Davudun əlində olan nüsxədə mövcud olmuşdur.
[15] “Möcəmur-rical”, 18-ci cild, səh. 100
[16] “Rical”, İbni Davud, səh. 514
[17] “Möcəmur-rical”, 18-ci cild, səh. 101
[18] Şeyx Tusi, “Təhzibul-əhkam”, 1-ci cild, səh. 467, hədis 1528, Tehran, 1365-ci hicri şəmsi ili
[19] “Biharul-ənvar", 45-ci cild, səh. 340; “Müstətrəfatus-Sərair”, səh. 567
[20] “Biharul-ənvar", 45-ci cild, səh. 345, hədis 5
[21] “Möcəmur-rical”, 18-ci cild, səh. 100
[22] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 45-ci cild, səh. 353, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü il; Kərəmi, Əli, “Dər sugi Əmiri azadi – guyatərin tarixi Kərbəla”, səh. 398, “Haziq” nəşriyyatı, Qum, birinci çap, 1380-ci şəmsi il; İbni Həcər Əsqəlani, Əhməd ibni Əli, “Əl-isabə fi təmyizis-səhabə”, Adil Əhməd Əbdül-Mövcud və Əli Məhəmməd Müəvvəzin tədqiqatı ilə, 6-cı cild, səh. 250, Beyrut, “Darul-kutubil-elmiyyə”, 1-ci çap, 1415-ci hicri qəməri il; Təbəri, Əbu Cəfər Məhəmməd ibni Cərir, “Tarixi Təbəri”, Məhəmməd Əbul-Fəzl İbrahimin tədqiqi ilə, 5-ci cild, səh. 571, “Darut-turas”, Beyrut, 2-ci çap, 1387-ci hicri qəməri ili.