Baxanların
6093
İnternetə qoyma tarixi: 2012/01/18
Saytın kodu fa12865 Arxiv kodu 20931
Dəstə Fiqh tarixi
Sualın xülasəsi
Bəzi müsəlmanların məhərrəm və başqa günlərdə başlarına, sinələrinə vurmasının caizliyinə dair bir dəlil vardırmı?
Sual
Müsəlmanların bəziləri məhərrəm günlərində sinələrinə vururlar, özlərini vururlar. İnsanın özünü vurması, özünə zərər çatdırması haram deyildirmi? Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə bir iş görmüş olmasına dair bir dəlil vardırmı? İmamlardan hər hansı biri bir şəxsin şəhadətində özünü vurmuşdurmu?
Qısa cavab

İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq ən gözəl ibadətlərdən biridir və camaat arasında əzadarlıq hesab olunan işlərin hər birini yerinə yetirmək caizdir. Amma əgər insana nəzərə çarpacaq dərəcədə zərər vuran işlər olsa, yaxud şiəliyin, Əhli-beyt məktəbinin süstləşməsinə səbəb olsa, onda bu hallar istisnadır, halbuki sinə vurmaq bunlardan heç birinin nümunəsi deyildir. Deməli, belə bir işin heç bir eybi yoxdur və hər bir imamın müsibətində sinə vurmaq müstəhəbdir.

Ətreaflı cavab

İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq etmək ən yaxşı ibadətlərdən biridir, camaat arasında əzadarlıq hesab olunan hər hansı bir iş caizdir. Yalnız o işlər caiz deyildir ki, insana həqiqi mənada və nəzərə çarpacaq dərəcədə zərər vursun, yaxud şiəliyin, Əhli-beyt məktəbinin süstləşməsinə səbəb olsun. Halbuki sinə vurmaq bunlardan heç birinin nümunəsi deyildir. Buna əsasən, bu işin heç bir eybi yoxdur və hər bir imamın matəmində sinə vurmaq müstəhəbdir. [1]

İmam Hüseyn (əleyhis-salam)-a əzadarlığın hökmləri barəsində əlavə məlumat almaq üçün aşağıdakı görünüşlərə baxa bilərsiniz: “İmam Hüseyn (əleyhis-salam)-a əzadarlığın başlanması”, sual 3914 (sayt 4197) , “İmam Hüseyn (əleyhis-salam)-a əzadarlığın rolu” sual 20913 (sayt 20123), “İmam Hüseyn (əleyhis-salam)-a əzadarlığın caizliyi və rəvayətlər”, sual 7184 (sayt 7443),   “İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq cəmiyyətin həyatının davam etmə səbəbidir”, sual 12923 (sayt 13103).

Bu saytlarda mövcud olan cavablardan əlavə, imamların müsibətində başa və sinəyə vurmaqla əlaqədar çoxlu rəvayətlər də vardır. O cümlədən: Ravi deyir ki, xəfiyyə işçiləri imam Kazim (əleyhis-salam)-ı tutub aparanda o həzrət oğlu Riza (əleyhis-salam)-a belə göstəriş verdi: “Mən sağ olduğum vaxta qədər hər gecə evin giriş qapısında yat – məndən bir xəbər çatıncaya qədər.”

Ravi deyir: Bundan sonra imam Riza (əleyhis-salam) hər gecə şam yeməyindən sonra gəlib orada yatır, sübh açılanda evinə qayıdırdı. Dörd il bu minvalla keçdi. Nəhayət, gecələrin birində yatağını həmin yerdə saldıq. Amma həmişə olduğunun əksinə olaraq yatmağa gəlmədi. Bu məsələ ev əhlinin nigarançılığına, qorxusuna səbəb oldu. O gecənin sabahı həzrət atasının evinə gəldi və Ümmü Əhmədi çağırıb dedi: “Atamın sənə tapşırdığı əmanəti gətir!” Ümmü Əhməd bu sözü eşidən kimi şivən etdi, sillə ilə üzünə vuraraq, paltarının yaxasını cırdı və dedi: “Allaha and olsun ki, ağam dünyadan gedib!” İmam Riza (əleyhis-salam) buyurdu: “Valiyə xəbər çatıncaya qədər bu barədə heç nə demə!” [2]

Bu rəvayətdə şivən qoparan, üzünə sillə vuran və paltarının yaxasını cıran şəxs imam deyil, amma bu iş məsum imamın hüzurunda baş verdi. O həzrət bu işi qadağan etmədiyinə, onu bu işdən çəkindirməyinə görə imamın belə sükutu təqrir və təyid (əməlin düz olduğu üçün etiraz etməmək) hesab olunur və bu da başqaları üçün höccətdir. [3]

Başqa rəvayətlərdə deyilir ki, Əhli-beyt (əleyhimus-salam) əzizlərinin müsibətlərində paltarlarının sinəsini açırdılar. Bu mövzu imam Həsən Əskəri (əleyhis-salam)-dan, [4] həmçinin həzrət Zeynəb (əleyha salam)-dan da nəql olunmuşdur. [5]

Sonda mərcəyi-təqlidlərdən bəzilərinin bu məsələ barəsindəki nəzərini qeyd edirik:

Ayətullah əl-uzma Xameneinin dəftərxanası:

“Əzadarlıq mərasimində insanın öz bədəninə xəsarət vurması nəzərə çarpacaq dərəcədə olarsa, habelə şiə məzhəbinin, möminlərin, yaxud məsumlara əzadarlıq mərasiminin süstləşməsinə səbəb olarsa, caiz deyildir. Hər bir halda yaxşı olar ki, möminlər məsumlara, xüsusilə şəhidlərin ağası imam Hüseyn (əleyhis-salam)-a əzadarlıq mərasiminin qayda-qanunlarına riayət etsinlər.”

Ayətullah Məkarim Şirazinin dəftərxanası

“Ali-əbanın beşincisinə (İmam Hüseyn (əleyhis-salam)-a) əzdarlıq etmək ən mühüm dini şüar, şiəliyin qalma rəmzidir və mümkün qədər əzəmətlə qeyd olunmalıdır. Amma gərək bədənə zərər çatdıran, şiə məzhəbinin süstləşməsinə səbəb olan bütün işlərdən ciddi şəkildə çəkinsinlər. Lakin bədənə heç bir zərər çatdırmayan adi qaydada sinə vurmağın heç bir işkalı yoxdur.”

Ayətullah əl-uzma Safi Gülpayiqaninin dəftərxanası:

“Əgər nəzərə çarpacaq zərəri olmasa öz-özlüyündə eybi yoxdur.”

Ustad Məhdi Hadəvi Tehraninin cavabı:

“Əba Əbdillah Hüseyn (əleyhis-salam)-a əzadarlıq etmək ən yaxşı ibadətlərdən biridir, camaat arasında əzadarlıq hesab olunan işlərin hamısı caizdir. Yalnız həqiqi mənada və nəzər çarpacaq dərəcədə zərəri olan, yaxud şiə məzhəbinin süstləşməsinə, Əhli-beyt məktəbinin zəifləşməsinə səbəb olan işlərdən başqa. Sinə vurmaq bu işlərdən heç birinin nümunəsi olmadığına görə heç bir eybi yoxdur. Bu böyük imamın matəmində sinə vurmaq müstəhəbdir.”



[1]   Ustad Məhdi Hadəvi Tehraninin yuxarıdakı suala cavabı. Həmçinin Ayətullah Safi Gülpayiqani bu sualın cavabında buyurmuşdur: “Nəzərə çarpacaq zərəri olmazsa, öz-özlüyündə heç bir eybi yoxdur.”

[2] Kuleyni, Məhəmməd ibni Yəqub, “Kafi”, səh. 381 və 382, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci hicri şəmsi il

[3] Sünnət aşağıdakılardan ibarətdir: Məsumun sözü, feli (işi, əməli) və təqriri (başqasının onun hüzurunda gördüyü işin şərən eybi olmasa, təsdiq əlaməti olaraq ona etiraz etməməsi).

[4] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 50-ci cild, səh. 191, “Vəfa” müəssisəsi, Livan, 1404-cü hicri qəməri il; Kəşşi, Məhəmməd ibni Ömər, “Ricalu Kəşşi”, səh. 480, “Məşhəd danişgah” nəşriyyatı, 1348-ci hicri şəmsi ili

[5] Seyid ibni Əli ibni Musa ibni Tavus, “Luhuf”, səh. 178 və 179, “Cahan” nəşriyyatı, Tehran, 1348-ci hicri şəmsi ili

Başqa dillərdə Q tərcümələr