Please Wait
8940
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in axırıncı vəsiyyətinin yazılmasına maneçilik törədilməsi məsələsi məşhur tarixi hadisələrdən biridir (o həzrət öz vəfatından qabaq əbədi vəsiyyətini yazmaq üçün kağız-qələm və mürəkkəb gətirilməsini istəmişdi). Belə ki, bu hadisə “cümə axşamı hadisəsi”, “kağız-qələm və mürəkkəb hadisəsi” kimi müxtəlif adlarla qeyd olunur. Əli (əleyhis-salam)-ın bu hadisədə sükutu o hadisənin əslinin baş verməsini inkar etmək mənasına deyildi; əksinə onun səbəbinin nə olmasını tədqiq etmək və bu sükutun o həzrətin şücaəti ilə ziddiyyəti olub-olmamasını araşdırmaq lazımdır.
Tarix kitablarında və başqa mənbələrdə qeyd olunan “kağız-qələm və mürəkkəb hadisəsi”ni diqqətlə araşdırdıqda aşağıdakı məsələləri başa düşmək olar:
1. Bir nəfər Peyğəmbər (səlləllahu əleyhi və alih)-i sayıqlamaqda müttəhim edir, halbuki Quran o həzrətin barəsində belə buyurur: “O (Peyğəmbər) heç vaxt həvayi-nəfs üzündən söhbət etmir və yalnız Bizim vəhyimizi sizə çatdırır.” Vəsiyyət məsələsi də bu ilahi vəzifə ilə əlaqədar ən mühüm məsələlərdən biri idi.
2. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in ölüm yatağında olduğu bir vəziyyətdə o həzrətin yanında mübahisə və dava-dalaşın edilməsi əsla düzgün bir iş deyildi. O şəxsin (məqsəd Ömərdir) nəzəri ilə müxalif olan bir sözün deyilməsi və nəzər izhar etməsi bu mübahisənin daha da kəskinləşməsinə və nəticədə Peyğəmbərin ruhən əzab-əziyyət çəkməsinə səbəb olacaqdı.
3. Bir dəstə adam o vəsiyyətin yazılmasına maneçilik törədən şəxslə müxalifət etdi, lakin bu zaman mübahisə daha da şiddətləndi. Müxalif nəzər onun özü və havadarları tərəfindən qəbul olunmadıqda Peyğəmbər (səlləllahu əleyhi və alih) onların hamısını öz yanından qovub çıxartdı. Sünnü mənbələrində olan bəzi rəvayətlərə əsasən, bu şəxs Ömər ibni Xəttab idi![i]
4. Əli (əleyhis-salam)-ın vilayəti və o həzrətin haqq olması o qədər açıq-aşkar bir məsələ idi ki, bir kəs onun vəsi (canişin və xəlifə) olmasında azacıq belə, şəkk-şübhə etmirdi. Əli (əleyhis-salam) bu şəraitdə sükut etməklə yalnız müəyyən məsləhətlərə riayət etmək məqsədi güdürdü. Əlbəttə, Səqifə hadisələrindən sonra öz haqqından mərhum edilməsinə qarşı bir neçə dəfə etiraz etdi, lakin İslamın məsləhətinə və müsəlmanların mənafeyinə riayət etmək üçün uzun illər sükut etdi, dövrün hakimləri ilə “əmanətdar müşavirəçi” ünvanı ilə həmkarlıq etməyə başladı.
Peyğəmbər (səlləllahu əleyhi və alih) öz vəfatından qabaq əbədi vəsiyyətinin yazılması ilə əlaqədar kağız-qələm və mürəkkəb gətirilməsi istəyinin həyata keçməsi qarşısında maneçilik törədilməsi məşhur tarixi hadisələrdən biridir. O, müxtəlif adlarla, o cümlədən, “yovmul-xəmis” (cümə axşamı günü) “kağız-qələm” və sair kimi adlarla və sünnü qardaşların hədis mənbələrində mütəvatir şəkildə qeyd olunmuşdur. Bu hadisədə Əli (əleyhis-salam)-ın sükutu da həmin hadisənin əslinin inkarına dəlil deyil, əksinə bu sükutun əsl səbəbinin nədən ibarət olduğunu, yəni “görəsən bu sükut o həzrətin şücaəti ilə ziddiyyətli idimi, yoxsa o həzrət İslamın və müsəlmanların mənafeyinin qorunub-saxlanması üçün sükut etmişdi?” deyə araşdırmaq lazımdır. Həmin mənafe ki, onun xatirinə öz istəyindən sərf-nəzər etdi. Bu işin o həzrətin misilsiz şücaətləri ilə heç bir ziddiyyəti yoxdur.
Məsələnin daha da aydın olması üçün yaxşı olar ki, əvvəlcə “kağız-qələm və mürəkkəb”, yaxud “cümə axşamı hadisəsi” adı ilə məşhur olan hadisəni araşdıraq.
Əhli-sünnət mühəddislərinin başında dayanan İmam Buxari özünün “Səhih” kitabında İbni Abbasın belə dediyini nəql edir:
Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in vəfatı yaxınlaşmışdı. İçərilərində Ömər ibni Xəttab da olmaqla bir dəstə səhabə o həzrətin mənzilində idilər. Həzrət buyurdu: “Mənim üçün kağız-qələm və mürəkkəb gətirin, sizin üçün elə bir şey (vəsiyyət) yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız!” Ömər ibni Xəttab dedi: “Peyğəmbərin ağrıları şiddətlənmişdir! Allahın kitabı ixtiyarımızdadır və bizim üçün kifayət edər!” Peyğəmbərin Əhli-beyti ilə evdə olanlar arasında ixtilaf yarandı: bir dəstə adam Ömərlə həmfikir, bir dəstə isə müxalif oldu. İxtilaf, mübahisə və dava-dalaş şiddətlənən zaman Peyğəmbər buyurdu: “Mənim yanımdan qalxın (çölə çıxın)! Mənim yanımda mübahisə aparmaq rəva deyildir!”[1]
Buxari başqa yerdə İbni Abbasın belə dediyini nəql edir: “Bütün problem və bədbəxtliklər o zaman başlandı ki, Peyğəmbər evdə baş verən mübahisə və dava-dalaşa görə özünün axırıncı vəsiyyətini etmədi.”[2]
Bu hadisə cümə axşamı, yəni Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından dörd gün qabaq baş vermişdi. Maraqlıdır ki, Peyğəmbər Əli (əleyhis-salam)-ın vilayəti ilə hər növ müxalifəti dəf etmək üçün bir dəstə adamı, o cümlədən Əbu Bəkri, Öməri, Osmanı, Əbu Übeydə Cərrahı, Təlhəni, Zübeyri, Əbdur-Rəhman ibni Ovfu, Səd ibni Əbi Vəqqası və s.[3] Üsamənin sərkərdəliyi ilə təşkil etdiyi orduya göndərmişdi ki, İslam ölkəsinin ən ucqar sərhədlərinə (Roma sərhədlərinə) döyüşə getsinlər. Peyğəmbərin vəfatı ərəfəsində İslam hökumətinin mərkəzinin hərbi qüvvələrdən boş saxlamaq zahirdə məsləhətə uyğun deyildi və Mədinənin ətraf nahiyələrində və onunla qonşu olan yerlərdə İslamı təzə qəbul edənlərin iğtişaş yaratmasına ehtimal verilirdi. Lakin Peyğəmbərin bu fikrini qanuni və məntiqi bir iş kimi əsaslandıran yeganə şey öz canişini imam Əli (əleyhis-salam)-ın müxaliflərini Mədinədən mümkün qədər uzaqda saxlamaq idi. Peyğəmbər bu ordunu vəfatından bir neçə gün qabaq təşkil etmiş və təkidlə buyurmuşdu: “Allah lənət etsin Üsamənin ordusundan imtina edənlərə və onunla getməyənlərə!”[4]
Bunun əvəzində Əli (əleyhis-salam)-ın canişin olması ilə müvafiq olanları, o cümlədən Əmmarı, Miqdadı, Salmanı və s. həmin orduda iştirak etməkdən güzəştə getmişdi. Əli (əleyhis-salam)-ın adı heç vaxt bu orduda qeyd olunmamışdır.[5]
Bütün bu müqəddimələrlə belə, Peyğəmbərin vəfatı ilə əlaqədar şayiələr nəticəsində bir dəstə adam həmin ordudan ayrılaraq Mədinəyə qayıtdılar və Peyğəmbərin evində bir yerə yığışdılar. Məhz bu zaman “cümə axşamı hadisəsi” baş verdi.
Tarixdə Cabir ibni Əbdüllah Ənsarinin adı Ömərin müqabilində dayanaraq etiraz edənlərdən biri kimi qeyd olunur.[6]
İbni Abbasın bu hadisə ilə əlaqədar rəvayətinə yenidən diqqət yetirməklə aydın olur ki, Peyğəmbərin qarşılaşdığı bu şəraitdə mübahisə etmək və dava-dalaş yaratmaq heç vaxt düzgün bir iş deyildi. Peyğəmbərin son vəsiyyətinin yazılmamasının səbəbi də məhz həmin dava-dalaşlar olmuşdur.
Əgər Ömər ibni Xəttab bu işə etiraz etməsəydi və Peyğəmbərin hüzurunda dava-dalaş salmasaydı, həzrət öz vəsiyyətini mütləq yazacaqdı.
İndi Əli (əleyhis-salam)-ın bu mübahisəyə etiraz etməməsi və qarışmamasının səbəbi aydın olur: Peyğəmbərin ilahi təlimlərinin əsası, ruhu vəhdət və qəlblərin bir-birinə yaxınlaşdırılmasından ibarət olduğuna görə[7] bu dava-dalaşı kəskinləşdirmək və mübahisələri daha da şiddətləndirmək rəva deyildi.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sözünü qəbul etməyən və onu (ağrılarının şiddətlənməsi bəhanəsi ilə) sayaqlamaqda müttəhim edənlərin Əli (əleyhis-salam)-ın sözünü qəbul etməyinə nə kimi zəmanət vermək olardı?! Böyük səhabələrdən bir qrupu, o cümlədən Cabir ibni Əbdüllah Ənsari ikinci xəlifənin bu cür mövqeyi ilə müxalifət etdi, lakin müxalif qrupun israr və təzyiqləri qarşısında məğlub oldu. Deməli, həmin şəraitdə hər növ mənfi və ya müsbət nəzər vermək Peyğəmbərin hüzuruna dava-dalaşın və mübahisələrin kəskinləşməsinə səbəb olardı və bu iş də qəti olaraq yersiz və səhv idi. Əlbəttə, Əli (əleyhis-salam)-ın vəsi olması məsələsi deyilməmiş və ya bir kəsə gizli olan bir məsələ deyildi. Çünki Peyğəmbər bundan əvvəllər də bu məsələyə dəfələrlə təkid etmişdi. Belə ki, bu məsələdə hamı yekdil fikirdə idi və şəri höccət onların hamısına tamamlanmışdı.
Süyutu “Tarixul-xüləfa” kitabında bu rəvayətləri bir yerə toplamışdır. Onların arasında مَنْ کُنْتُ مَوْلَاهُ فَعَلِیٌّ مَوْلَاهُ “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” cümləsini Tirmizidən, Əbi Sərihədən, yaxud Zeyd ibni Ərqəmdən nəql edir. “Pərvərdigara! Əlini sevənləri sev, onunla düşmən olanlarla düşmən ol!” hədisini də Əhməd ibni Hənbəldən və Təbəranidən, onlar da İbni Ömərdən, Malik ibni Hurisdən, Cərisdən, Səd ibni Əbi Vəqqasdan, Əbu Səid Xudridən, Ənəsdən, İbni Abbasdan və s.-dən nəql edir. Həmçinin “Sənin mənə olan münasibətin Harunun Musaya olan münasibəti kimidir, yalnız bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur” cümləsini Əhməd ibni Hənbəldən və Təbəranidən müxtəlif yollarla nəql etmişdir.[8]
Amma böyük Qədir-xum hadisəsindən bir neçə ay keçmədiyindən və bu qədər qısa zaman fasiləsində heç kəsin belə böyük bir hadisəni unutması mümkün olmadığından Əli (əleyhis-salam) bu mübahisəyə daxil olmağı lazım görmürdü. O, həzrət Peyğəmbərin evində və onun vəziyyətinə riayət etmək üçün, eləcə də Peyğəmbərin yüksək məqamına hörmətsizlik olmasın deyə, sükut etmişdi. Amma bundan sonra haqqı izhar etməkdən heç vaxt çəkinmirdi. Əhmədin öz “Müsnəd” kitabında (1-ci cild, səh. 155) Təbərinin öz “Tarix” kitabında (2-ci cild, səh. 466) və başqalarının da, o cümlədən, İbni Kəsirin və İbni Hişamın qeyd etdiklərinə görə, xilafət barəsində bu qərarla əlaqədar öz narazılığını və etirazını bildirmək üçün ilk növbədə bir dəstə adamla Fatimənin evinə yığışdı. O həzrət məscidə gedir və camaata “sizi and verirəm Allaha, deyin görün Qədir-xum hadisəsinin şahidi olmamışdınızmı?” – deyə and verirdi. Bu zaman bir çoxları (təqribən 30 nəfər) bu mətləbin doğruluğuna dair şəhadət vermişdilər.[9]
Hətta İslam ümmətinin vəhdəti pozulmayıncaya, nahaq yerə bir kəsin qanı tökülməyincəyə qədər öz haqqının bərpa edilib dirçəldilməsi yolunda ciddiyyətlə səy edirdi.
Bir çox hallarda Əli (əleyhis-salam)-ın bu etirazlara daha çox israrı daxili ixtilaflara səbəb ola, Peyğəmbər tərəfindən yenicə qurulmuş İslam dövlətinin əsası dağıla bilərdi. Halbuki Peyğəmbər onun rəhbərliyini təzəcə öhdəsinə almışdı, qəddar düşmənlər də həmin İslam ölkəsinin köksünə öldürücü zərbələr vurmaq üçün qızıl fürsətləri gözləyirdilər. Tarixdə qeyd olunduğu kimi, Peyğəmbərin vəfatı ilə eyni zamanda ərəb qəbilələrindən bir çoxu zəkat verməkdən imtina edərək mürtəd olmuşdurlar.[10]
Bəli, imam Əli (əleyhis-salam) həmişə Peyğəmbərin canla-başla müdafiə etdiyi, yolunda üzücü taqətlərə sinə gərdiyi böyük hədəflərin məhv olacağından nigaran idi. O, İslamın və müsəlmanların məsləhətinin qorunub saxlanması yolunda öz ailəsini belə fəda etmişdi, ta ki, İslam diri qalsın və sonrakı nəsillərə çatsın. Buna görə də uzun illər sükut etdi və Peyğəmbərin vəfatından sonrakı hökumətlərlə əmanətdar bir müşavirəçi ünvanı ilə həmkarlıq etməyi başladı.
[1] “Səhihi Buxari”, “elm” kitabı, “kitabətul-elm” babı, 1-ci cild, səh. 22-23; “Məalimul-mədrəsəteyn”, Əllamə Əskəri, 1-ci cild, səh. 140
[2] “Səhihi Buxari”, “əl-e’tisam bil-Kitabi vəs-sunnət” kitabı, “kərahiyyətul-xilaf” babı, habelə “qovlul-mərizi: qumu ənni” babı – Əllamə Əskərinin “Məalimul-mədrəsəteyn” kitabından nəqlən: 1-ci cild, səh. 140
[3] “Təbəqatul-kubra”, 2-ci cild, səh. 189; “Peyğəmbəri Əzəm, sirə və tarixi”, səh. 131
[4] “Miləl və nihəl”, Şəhristani, 1-ci cild, səh. 14; “Peyğəmbəri Əzəm” kitabından nəqlən, müəlliflərdən bir qrupu, səh. 132
[5] “Təbəqatul-kubra”, 2-ci cild, səh. 189; “Peyğəmbəri Əzəm, sirə və tarixi”, səh. 131
[6] Heysəmi, “Məcməuz-zəvaid”, 4-cü cild, səh. 390, 8-ci cild, səh. 609; “Peyğəmbəri Əzəm, sirə və tarixi”, səh. 134
[7] Quranın bir çox ayələri müsəlmanları vəhdətə, dava-dalaş salmamağa dəvət edir: “Ənfal” surəsinin 46-cı ayəsində buyurulur: “Bir-birinizlə dava-dalaş etməyin, əks halda məğlubiyyətə uğrayarsınız və izzətiniz əldən gedər.”
[8] “Tarixul-xüləfa”, Süyuti, səh. 157
[9] “Məalimul-mədrəsəteyn”, Əllamə Əskəri, 1-ci cild, səh. 489
[10] Yenə orada, 1-ci cild səh. 165