Baxanların
9223
İnternetə qoyma tarixi: 2012/02/13
Saytın kodu fa6567 Arxiv kodu 21643
Sualın xülasəsi
Peyğəmbər Əbu Ləhəbə sileyi-rəhim edirdimi?
Sual
Peyğəmbər (səlləllahu əleyhi və alih) Əbu Ləhəbə qarşı da sileyi-rəhim sünnətini icra edirdimi?
Qısa cavab

Sileyi-rəhim – yəni qohumluq əlaqələrinin bərqərar olunmasına səbəb olan hər bir əməli görmək. İslam nəzərindən bu iş elə yüksək əhəmiyyət daşıyır ki, bu əlaqələri hətta kafir qohumlarla da kəsmək qadağan edilir. Əlbəttə, əgər kafir qohum-əqrəbalar haqq qarşısında inadkarlıq etsələr, islama zərbə vurmaq məqamına gəlsələr, bu halda onlarla sileyi-rəhim etməyə icazə verilmir. Buna görə də Əbu Ləhəb və onun həyat yoldaşının barəsində “Təbbət” surəsi nazil olandan sonra Peyğəmbər onlarla əlaqəsini kəsdi.

Ətreaflı cavab

Sileyi-rəhim qohumluq əlaqələrinin bərqərar olunması, kəsilməməsi mənasınadır. “Rəhim” dedikdə insanın yaxın qohum-əqrəbaları nəzərdə tutulur. Sileyi-rəhim – yəni qohumluq əlaqələrinin bərqərar olunmasına səbəb olan bir əməl.

İslamda sileyi-rəhim xüsusi əhəmiyyətə malikdir. Bir nəfər İmam Sadiq (əleyhimus-salam)-dan soruşdu: “Qohumlarımdan bəziləri mənim fikir və məramımdan tamamilə başqa dində və məramdadırlar, (yenə də ) onların mənim üzərimdə haqqı vardır?” Həzrət onun cavabında buyurdu: “Bəli, qohumluq əlaqələrinin bərqərar olunma haqqını heç bir şey aradan apara bilməz. Əgər səninlə həməqidə olmasalar da, sənin üzərində iki haqqı varıdır: birincisi qohumluq haqqı, ikincisi isə müsəlmanlıq haqqı.”[1]

Başqa bir rəvayətdə isə buyurur: “Siz öz qohum-əqrəbalarınız ilə sileyi-rəhim və onlara ehsan (və yaxşılıq) edin, hətta onlar sizinlə əlaqəni kəsmiş olsalar da, siz əlaqələrinizi kəsməyin.”

Həzrət Əli (əleyhis-salam) buyurmuşdur: “Qohum-əqrəbalarınızla qohumluq əlaqəsini bərqərar edin, hətta onlar sizinlə əlaqələri kəsmiş olsalar da belə.”[2]

Sual budur ki, görəsən islam və din ilə mübarizə aparan müşrik və kafir qohum-əqrəba ilə də əlaqələri bərqərar etməyə tövsiyə edilirmi? Misal üçün, Peyğəmbər öz əmisi Əbu Ləhəbə qarşı sileyi-rəhim edirdimi? Təəssüflər olsun ki, o müşrik və öz şirkində çox inadkar idi. Onun Peyğəmbərə və sair müsəlmanlara qarşı rəva gördüyü düşmənçilik və zülmlər inkar olunası deyildir.

Cavab iki dəlilə görə mənfidir:

1. Allah-taala buyurur: “Peyğəmbər və ona iman gətirənlər müşriklər üçün, hətta qohum-əqrəbaları olsa belə – onların cəhənnəm əhli olduğunu bildikdən sonra Allahdan bağışlamaq diləməsi rəva deyildir.”[3]

Aydındır ki, qohum-əqrəba barəsində Allahdan bağışlamaq diləmək və istiğfar edib dua etmək sileyi-rəhimin cüzi bir hissəsi hesab olunur. Rəvayətlərdə sileyi-rəhim üçün ən aşağı sərhədlər təyin olunmuşdur, o cümlədən salam vermək,[4] yaxud bir içim su vermək.[5] Yəni onlara salam verməklə, yaxud bir içim su verməklə qohumluq əlaqələri bərqərar olunur. Bir çox rəvayətlərdə deyilir ki, əgər qohum-əqrəbanızı tapa bilmirsinizsə, onların haqqında xeyir-dua etməklə, istiğfar etməklə onlarla sileyi-rəhim edin. Halbuki şərif ayədən məlum olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əbu Ləhəb kimi müşriklər üçün dua etməməlidir – onun hidayət əhli olmadığı və inadkar müşrik olduğu Peyğəmbər üçün sübuta yetdikdən sonra.

2. Quranda buyurulur: “İbrahimin atası (əmisi) Azər üçün istiğfar etməsi yalnız ona verdiyi vədə üzündən idi (ki, bəlkə onu imana doğru cəzb edə bilsin). Amma onun Allahın düşməni olduğu İbrahim üçün aydın olduqdan sonra ondan bezarlıq etdi. Şübhəsiz, İbrahim mehriban və helmli insan idi.”[6]

Bu ayədə aydın şəkildə bəyan olunur ki, İbrahim öz əmisi üçün istiğfar etdi və bununla da sileyi-rəhimin bir maddəsinə əməl etdi, lakin onun Allahın düşməni olduğu məlum olduqdan sonra ondan bezarlıq etdi və onunla əlaqələrini kəsdi.

Besətin üçüncü ilində Peyğəmbərimiz öz dəvətini qohum-əqrəbaları üçün aşkar etdikdə əmisi Əbu Ləhəb onunla düşmənçiliyə qalxdı. Amma Peyğəmbər o dövrdə ondan bezarlıq etmədi. Əbu Ləhəb Peyğəmbərlə düşmənçiliyini aşkar şəkildə şiddətləndirdiyi, onun məramı və dini ilə mübarizəyə qalxdığı zaman onun özü və arvadının barəsində “Təbbət” surəsi nazil oldu və məhz bu zaman Peyğəmbər onunla əlaqələrini tamamilə kəsdi.

3. İmam Səccad (əleyhimus-salam) Peyğəmbərə salavatında belə deyir: “(Pərvərdigara) O həzrət Sənə doğru dəvət yolunda özünün bəzi qohumları ilə düşmənçilik etdi. Sənin razılığın yolunda öz qəbiləsi ilə müharibə apardı. Sənin dinini canlı saxlamaq üçün öz qohumları ilə əlaqələrini kəsib onlardan uzaqlaşdı. Sənin xatirinə Səni inkar edən ən yaxın qohum-əqrəbalarını özündən uzaqlaşdırdı, insanların ən uzağı ilə – Sənin çağırışına müsbət cavab verdikləri üçün –  dostluq bərqərar etdi. Sənin razılığın yolunda  ən uzaq adamlarla dostluq etdi, Özünə ən yaxın olan insanlarla düşmənçilik etdi.”[7]

Mərhum Seyid Əli Xan “Səhifeyi Səccadiyyə”nin şərhində yazır: “Şübhəsiz, o həzrət Allah yolunda bəzi qohumları ilə əlaqələrini kəsdi, onlardan uzaqlaşdı, onlara ağ oldu və başqa sözlə desək, onlarla ünsiyyət və əlaqələrini kəsdi, onlara qarşı yaxşılıq və ehsanı tərk etdi... Peyğəmbərin Qüreyşdən, habelə Əbdül-Müttəlib və Haşim övladlarından olan öz qohum-əqrəbası ilə əlaqələri belə idi ki, onu yalançı hesab edən və onunla müharibə edərək Allahın nurunu söndürmək istəyənlərlə müharibə apardı, Allah yolunda və Onun xatirinə onlardan bir çoxunu “Bədr” və “Ühüd”də qətlə yetirdi, bəzilərini əsir tutdu və onlara qarşı əsla mehribanlıq etmədi.[8]

Şübhəsiz, Əbu Ləhəb də bu şəxslərdən biri idi. Buna əsasən, belə nəticə alırıq ki, islam dini inadkar müşrik və kafirlə heç bir əlaqə yaratmağa icazə vermir, hətta insanın yaxın qohumlarından olsa belə.



[1] Reyşəhri, Məhəmməd Mehdi, “Mizanul-hikmət”, 4-cü cild, səh. 83

[2] “Vəsailuş-şiə”, 11-ci cild, səh. 175:

صِلُوا اَرْحَامَکُمْ وَاِنْ قَطَعُوکُمْ

[3] “Tövbə” surəsi, ayə: 113:

مَا کَانَ لِلنَّبِیِّ وَ الَّذِینَ آمَنُوا أَنْ یَسْتَغْفِرُوا لِلْمُشْرِکِینَ وَ لَوْ کانُوا أُولِی قُرْبَى مِنْ بَعْدِ مَا تَبَیَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحیمِ

Bax: Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan”, 9-10-cu cildlər, səh. 282, “Zəvil-qurba” nəşriyyatı, bi. ca, bi.ta

[4] Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

صِلُوا أَرْحَامَکُمْ فِی الدُّنْیَا وَلَوْ بِالسَّلاَمِ

“Dünyada qohumluq əlaqələrini bərqərar edin, hətta salam verməklə olsa belə.” “Biharul-ənvar”, 71-ci cild, səh. 104

[5] İmam Sadiq (əleyhis-salam) buyurur:

صِلْ رَحِمَکَ وَلَوْ بِشِرْبَةٍ مِنْ مَاءٍ

“Qohum-əqrəbalarınla əlaqə bərqərar et, hətta bir içim su verməklə olsa belə.” “Biharul-ənvar”, 74-cü cild, səh. 117

[6] “Tövbə” surəsi, ayə: 114:

وَ مَا کَانَ اسْتِغْفارُ إِبْرَاهِیمَ لِأَبِیهِ إِلاّ عَنْ مَوْعِدَةٍ وَعَدَهَا إِیَّاهُ فَلَمَّا تَبَیَّنَ لَهُ أَنَّهُ عَدُوُّ لِلَّهِ تَبَرَّأَ مِنْهُ إِنَّ إِبْرَاهِیمَ لَأَوَّاهٌ حَلِیمٌ

[7] “Səhifeyi Səccadiyyə (əleyhis-salam)”, səh. 48, mühəndis Yasir Ərəbin tərcüməsi, 1-ci çap 1380, “Güli” nəşriyyatı:

وَ کَاشِفٌ فِی الدُّعَاءِ اِلَیْکَ حَامَّتَهُ * وَحَارِبٌ فِی رِضَاکَ أُسْرَتَهُ * وَقَطَعَ فِی اِحْیَاءِ دِینِکَ رَحِمَهُ * وَأَقْصَی الْاَدْنَیْنَ عَلَی جُحُودِهِمْ * وقَرَّبَ اْلاَقْصَیْنَ عَلَی اسْتِجَابَتِهِمْ لَکَ * وَ وَالَی فِیکَ الْاَبْعَدِینَ * وَعَادَی فِیکَ الْاَقْرَبِینَ

[8] Hüseyni Mədəni Şirazi, Seyid Əli Xan, “Riyazus-salikin”, 1-ci cild, səh. 465-466, 6-cı çap, “Müdərrislər heyəti”nin çapı

Başqa dillərdə Q tərcümələr