Ətraflı axtarış
Baxanların
5680
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
وَ السَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهاجِرينَ وَ الْأَنْصارِ... “Mühacir və ənsardan olan öndə gedənlər – birincilər” ayəsi Əli (əleyhis-salam)-ın şənində nazil olmuşdurmu? Əgər belədirsə, onda cəm kəlməsinin bir nəfərə aid edilməsi necə izah edilə bilər?
Sual
وَ السَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهاجِرينَ وَ الْأَنْصارِ... “Mühacir və ənsardan olan öndə gedən – birincilər” ayəsi Əli (əleyhis-salam)-ın şənində nazil olubdurmu? Zürarənin imam Sadiq (əleyhis-salam)-dan nəql etdiyinə əsasən, əgər belə olsa, onda cəm kəlməsinin bir nəfərə aid edilməsi necə izah edilə bilər? Bu ayəni nəzərə almasaq, tarixi faktlar kişilərin arasından Əli ibni Əbi Talib (əleyhis-salam)-ın Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə iman gətirən ilk şəxs olmasını sübuta yetirirmi? Ondan başqa bir şəxs də belə bir iftixara nail olmuşdumu?
Qısa cavab

وَ السَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهاجِرينَ وَ الْأَنْصارِ... “Mühacir və ənsardan olan öndə gedən – birincilər” ayəsi istər Əli (əleyhis-salam)-ın şənində nazil olsun, istərsə də yox, o həzrətin ilk müsəlman olmasında heç bir təsir qoymur. Çünki icma ilə sübuta yetmişdir ki, qadınlar arasında Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə iman gətirən ilk şəxs o həzrətin vəfalı və əziz həyat yoldaşı Xədicə (əleyha salam) və bütün şiə alimlərinin, habelə sünnü alimlərinin çoxunun etiqadına əsasən kişilər arasında iman gətirən ilk şəxs həzrət Əli (əleyhis-salam) olmuşdur. Buna görə də yuxarıdakı ayənin ən böyük və bariz nümunəsi həzrət Əli (əleyhis-salam)-dır və ayə ilk növbədə ona tətbiq olunur.

Amma “sabiqun” (öndə gedənlər) kəlməsinin nə üçün cəm formada olmasına gəldikdə isə, demək lazımdır: cəm formasının bir, yaxud iki nəfərə aid edilməsi təzə bir şey deyildir; istər Quranda, istərsə ərəb ədəbiyyatında və başqa dillərdə bir çox hallarda cəm kəlməsi ilə bir nəfər nəzərdə tutulur. Ətraflı cavabda onun bəzi nümunələrini qeyd edəcəyik.

Ətreaflı cavab

 “Mühacir və ənsardan olan öndə gedən birincilər” ayəsinin təfsiri və şəni-nüzulu ilə əlaqədar izah verməzdən qabaq iki əsas məsələyə diqqət yetirmək zəruridir:

1. Bu və digər ayələri nəzərə almadan belə bir sual yaranır: görəsən Əli (əleyhis-salam) kişilər arasında Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə iman gətirən ilk şəxs olmuşdurmu? Başqa sözlə desək, tarixi fakt və gerçəklik kişilər arasında Əli ibni Əbi Talibin Allahın Peyğəmbərinə iman gətirən ilk şəxs olmasını sübut edirmi?

2. Yuxarıdakı ayənin xüsusi şəxs barəsində nazil olmadığını fərz etsək, belə sual yaranır ki, görəsən (nüzul səbəbinin həsri qəbilindən deyil) cəry və tətbiq əsasında onu Əli (əleyhis-salam)-a tətbiq etmək olarmı?

Birinci məsələ barəsində demək lazımdır ki, (məsumların həyat tarixinə və) sirə, hədis və təfsir kitablarına müraciət edən hər kəs aydın şəkildə görəcəkdir ki, ilk iman gətirən və islamı qəbul edən şəxslər o qədər xüsusi və yüksək məqama malikdirlər ki, onlarda heç bir şəkk-şübhəyə yer yoxdur, xüsusilə sözü gedən ayə barəsində bəhs edərkən.

İndi “kişilər arasında Əli ibni Əbi Talib ilk müsəlman idimi?” sualının cavabında deyirik: Sünni və şiə tarixçiləri yekdil fikirdədirlər ki, qadınlar arasında həzrət Peyğəmbərə iman gətirən ilk şəxs o həzrətin vəfalı və əziz həyat yoldaşı Xədicə idi. Kişilər arasından isə, bütün şiə alimlərinin və sünnü alimlərindən çoxunun əqidəsinə görə Peyğəmbərin dəvətinə müsbət cavab verərək ona iman gətirən ilk şəxs imam Əli (əleyhis-salam) olmuşdur.[1]

Əlbəttə, bəziləri imam Əli (əleyhis-salam)-ın bu məxsus fəzilətini, yəni hamıdan əvvəl islamı qəbul etməsini başqalarına aid edərək (!) həmin dövrdə Əli (əleyhis-salam)-ın azyaşlı olduğunu bəhanə gətirmişlər. Bu məqalədə bu dar dünyagörüşünü araşdırıb tənqid etmək istəmirik. Çünki əsas məqsədimiz bu məsələnin rəvayətlər vasitəsi ilə isbat olunmasıdır. Buna görə də nümunə olaraq bir neçə rəvayəti qeyd edirik:

1. Bu mövzu ilə əlaqədar “Tarixi Təbəri” kitabında deyilir: “Keçmiş alimlər Xədicədən sonra Peyğəmbərə iman gətirən ilk şəxs barəsində ixtilafa düçar olmuşlar. Bəziləri deyirlər ki, Peyğəmbərə iman gətirib onun arxasında namaz qılan ilk şəxs Əli ibni Əbi Talib idi... İbrahim ibni Muxtar, Şöbədən, o da Əbu Bəlcdən, o da Əmr ibni Meymundan, o da İbni Abbasdan nəql edir ki, Peyğəmbərin arxasında namaz qılan ilk şəxs Əli idi.”[2]

Təbəri həm də Cabirdən belə nəql edir: “Peyğəmbər (səlləllahu əleyhi və alih) bazar ertəsi günü risalətə seçildi, Əli tək günü (onunla) namaz qıldı.”[3] Zeyd ibni Ərqəmdən də nəql edir ki, “Peyğəmbərə iman gətirən ilk şəxs Əli idi.”[4]

2. Əfif Kindi belə deyir: Mənim işim ticarət idi. Məkkəyə çatanda həcc mövsümü idi. Abbasla görüşdüm, bu zaman bir kişi gəlib Kəbənin yanında namaz qılmağa başladı. Sonra bir qadın gəldi və ona iqtida etdi. Daha sonra bir yeniyetmə oğlan gəldi, o da iqtida etdi. Mən Abbasdan soruşdum: “Bu nə dindir?” Abbas dedi: “Bu kişi mənim qardaşım oğlu Məhəmməd ibni Əbdüllahdır. Gördüyün qadın onun həyat yoldaşı, o yeniyetmə də Əli ibni Əbi Talibdir ki, ona iman gətirmişdir... Allaha and olsun! Bütün yer üzündə bu üç nəfərdən başqa bu dinin nə olduğunu heç kəs bilmir!” Əfif Kindi dedi: “Kaş mən onların dördüncüsü olaydım!”[5]

3. Əhməd ibni Hənbəl yazır: Vəki, Şöbədən, o da Əmr ibni Mürrədən, o da (Ənsarın həmpeymanı) Əbu Həmzədən, o da Zeyd ibni Ərqəmdən nəql edir ki, “Peyğəmbərə iman gətirən ilk şəxs Əli idi.”[6]

4. Tirmizi özünün “Sünən” kitabında yazır: Zeyd ibni Ərqəmin belə dediyini eşitdim: “İslamı qəbul edən ilk şəxs Əli idi.”[7]

5. İbni Səd “Təbəqat” kitabında yazır: Vəki ibni Cərrah, Yezid ibni Harun və Əffan ibni Müslim Şöbədən, o da Əbu Həmzədən, o da Zeyd ibni Ərqəmdən belə nəql edir: “Peyğəmbərə iman gətirən ilk şəxs Əli idi.”[8]

Bu məsələ sünnü alimlərinin nəzərində çox məşhur olduğuna görə onlardan bəziləri bu barədə yekdil fikirdə olmuşlar. O cümlədən: Hakim Nişapuri “Əl-müstədrəku ələs-Səhiheyn” və “Əl-mərifət” adlı kitablarında. Qurtəbi bu mətləbi ondan nəql edərək yazır: “Tarixçilər arasında Əli ibni Əbi Talibin ilk müsəlman olması barədə heç bir ixtilaf yoxdur. İxtilaf yalnız bundadır ki, onun imanı həddi-buluğ vaxtında idi, ya yox.”[9]

İbni Əbdul-Birr “İstiy’ab” kitabında yazır: “Xədicədən sonra Peyğəmbərə iman gətirən ilk şəxsin Əli olması müttəfiq fikirli bir məsələdir.”[10]

Əbu Cəfər İskafi yazır: “Camaatın hamısı islamı hamıdan qabaq qəbul etmək iftixarını Əli üçün nəql etmişdir.”[11]

Bura qədər bəyan olunanlar əhli-sünnətin tarix və rəvayət mənbələrindən idi. Amma şiə mənbələrinə gəldikdə isə, “Əl-bürhan” təfsirinin müəllifinin sözlərindən bir hissəsini qeyd etməklə kifayətlənirik:

1. İmam Həsən (əleyhis-salam) Müaviyə ilə sülh bağladıqdan sonra oxuduğu xütbədə buyurdu: “Atam Allahın və Rəsulunun dəvətinə müsbət cavab verən, iman gətirərək Allahı və Rəsulunu təsdiq edən ilk şəxs idi.”[12]

İbni Şəhraşub Mazəndərani yazır: “Əli (əleyhis-salam)-ın iman gətirən ilk şəxs olması barəsində çoxlu kitablar yazılmışdır.”[13]

2. İmam Sadiq (əleyhis-salam) buyurur: “Əssabiqunəl-əvvəlun” ... ayəsi Əlinin və Peyğəmbərə tabe olan mühacir və ənsarın barəsində nazil olmuşdur. Onlar üçün ağaclarının altından sular axan behişt bağları vədə verilmişdir və orada həmişəlik qalarlar. Bu da böyük qurtuluşdur.”[14]

Qeyd olunanlarla kifayətlənir və deyirik: Əli (əleyhis-salam)-ın Allahın Rəsuluna iman gətirən ilk şəxs olması barəsində heç bir şəkk-şübhə yoxdur.

Amma Peyğəmbərə iman gətirən ilk şəxsin Əbu Bəkr olmasını deyənlərin sözü və dəlilləri şiə alimləri tərəfindən qəti şəkildə rədd olunmuşdur. “Təfsiri-nümunə”nin müəllifi bu barədə yazır: “Qəribədir! Bəziləri Əli (əleyhis-salam)-ın islam dininə iman gətirən ilk şəxs olmasını inkar edə bilmədiklərindən puç dəlillərə istinad edərək onu başqa yollarla inkar etmək, yaxud əhəmiyyətsiz qələmə vermək istəyirlər. Bəziləri də çalışırlar ki, o həzrətin yerinə Əbu Bəkri ilk müsəlman kimi təqdim etsinlər. Bəzən (bəhanə gətirib) deyirlər ki, o zaman həzrət Əlinin on yaşı var idi və həddi-buluğa çatmamışdı. Deməli, onun imanı – bir yeniyetmənin iman gətirməsi ünvanı ilə müsəlman cəbhəsinin düşmən müqabilində malik olduğu qüdrət və qüvvədə heç bir təsir göstərmir.[15] Bu söz doğrudan da qəribədir! Çünki, əvvəla: əslində Peyğəmbərə tutulan iraddır. Çünki Peyğəmbər yovmud-dar günü islamı öz yaxın qohum-əqrəbasına təqdim etdikdə Əli (əleyhis-salam)-dan başqa heç biri qəbul etmədi. Həzrət Əli ayağa qalxaraq islamı aşkar qəbul etməsini dedi. Peyğəmbər də onun imanını qəbul etdi və elə oradaca “Sən mənim qardaşım, vəsim ə canişinimsən” deyə elan etdi. İkincisi, dediyimiz kimi, o günlərdə Əli (əleyhis-salam)-ın az yaşlı olması mövzunun əhəmiyyətini heç bir vəchlə azaltmır. Xüsusilə, Quranın özü həzrət Yəhya barəsində buyurur: وَ آتَيْناهُ الْحُكْمَ صَبِيًّا “Biz uşaqlıq çağında ona hökm verdik.”[16] İsa (əleyhis-salam) barəsində də oxuyuruq ki, beşikdə ikən danışmağa başladı və onun barəsində şəkk-şübhədə olanlara dedi: "إِنِّي عَبْدُ اللَّهِ آتانِيَ الْكِتابَ وَ جَعَلَنِي نَبِيًّاً “Həqiqətən mən Allahın bəndəsiyəm, O mənə kitab vermiş və məni peyğəmbər etmişdir.”[17]

Üçüncüsü: Əbu Bəkrin islamı qəbul edən üçüncü şəxs olması məsələsi tarixdə sübuta yetməmiş, üstəlik hədis və tarix kitablarının çoxu ondan qabaq bir qrup şəxsin iman gətirdiyini demişdir.

Bundan əlavə, İbni Əbil-Hədid, məşhur sünnü (mötəzili) alimi olan Əbu Cəfər İskafidən belə nəql edir: Bəzilərinin dediyi “Əbu Bəkr islamı hamıdan qabaq qəbul etmişdir” sözü düz olsaydı, onda nə üçün onun özü bu məsələ ilə öz fəzilətinə işarə etməmişdir? Onun səhabədən olan havadarlarından heç biri də bu iddianı etməmişlər!”[18]

“Kəşful-murad” kitabının şərhçisi də bu şübhəyə aşağıdakı kimi cavab vermişdir: Əgər bir şəxs “Əli (əleyhis-salam) islamı həddi-buluğdan qabaq qəbul etmişdir və belə bir islam qəbul olunmur!” – deyə irad tutsa, cavabında deyərik:

1. Əli (əleyhis-salam) şəhid olan zaman 65 və ya 66 yaşı var idi. Peyğəmbər (səlləllahu əleyhi və alih) də risalətə seçiləndən sonra 23 il ömür sürmüşdür. Əli (əleyhis-salam) o həzrətin vəfatından sonra təqribən 30 il həyatda olmuşdur. Bu hesabla, besət dövründə Əli (əleyhis-salam)-ın 12-13 yaşı var idi. Bu yaşda da həddi-buluğa çatmaq mümkündür. Deməli, Əli Peyğəmbərin Fatiməyə xitabən buyurduğu həmin şəxsdir: “Səni elə bir şəxsin əqdinə keçirirəm ki, islamı hamıdan əvvəl qəbul etmişdir və kişilər arasında ən bilikli şəxsdir.”[19]

2. Bəzi hallarda uşaqlar əqli baxımından kamil inkişaf həddinə çatır və cismi (fiziki) buluğa çatmazdan qabaq fikri (idrak) buluğa yetişir və belə olan halda şəri vəzifələri yerinə yetirməyə vəzifəli olurlar. Buna görə də Əbu Hənifə uşaqların islamının düzgün olmasına hökm edir. Əgər belə olsa, bu hökm uşağın kamal və buluğuna dəlalət edir.

Bu barədə bir neçə məsələni xatırlatmaq lazımdır:

Əvvəla, uşaqların təbiəti elədir ki, ata-ananın məhəbbətinə doğru meyl edirlər. Amma əgər bir uşaq ata-anasından üz çevirərək Allaha doğru cəzb olunsa, bu onun fikri (idrak cəhətindən) buluğ və kamalının nişanəsidir.

İkincisi: Uşaqların qərizələri (instinkt) ilahi vəzifələrə və əqli işlərə diqqət və təfəkkürlə çox da uyğun gəlmir, onlar əksər hallarda oynamağa daha çox maraq göstərirlər. Buna görə də bir uşağın öz təbiəti ilə uyğun olan şeylərdən üz çevirərək onunla təzadlı olan şeylərə üz gətirməsi o uşağın son dərəcə yüksək kamala çatmağına dəlildir. Bu da Əli (əleyhis-salam)-ın imanda hamıdan öndə olmasını göstərir.[20]

İkincisi, təfsir alimlərinin “vəs-sabiqunəl-əvvəlun” ayəsi üçün bir neçə şəni-nüzul bəyan etdiyinə görə onun imam Əli (əleyhis-salam)-ın barəsində nazil olmadığını qəbul etsək də, şəni-nüzulda çoxlu nəzəriyyənin deyilməsi onun ən bariz və aydın nümunəsinə – imam Əliyə tətbiq edilməsinə mane ola bilməz. Xüsusilə, Əhməd ibni Hənbəlin, İbni Abbasdan və Süyutinin “Əddurrul-mənsur” kitabında Əbu Nəimdən və onun da İbni Abbasdan nəql etdiyi bu hədisə diqqət yetirməklə: “Ey iman gətirənlər” ifadəsi olan elə bir ayə nazil olmayıb ki, Əli onun başında və onun əmiri olmasın.”[21]

Tək şəxsə cəm kəlməsi ilə işarə edilməsinə gəldikdə isə, demək lazımdır:

Əvvəla, əgər “bu ayə imam Əlinin barəsində nazil olmamışdır; əksinə islamda öncül olduğuna görə o həzrətə cəry və tətbiq qəbilindəndir” deyilsə, artıq bu irada yer qalmır.

İkincisi: Hətta ayənin imam Əli (əleyhis-salam)-ın şənində nazil olmasına inanmasaq da yenə də bu etiqada irad gəlmir. Çünki:

1. Çoxlu dəlillərin varlığı ilə “bu, uzaq nəzərə gəlir” deyə, yer qalmır.

2. Cəm formasında gələn kəlmənin bir və ya iki şəxsə aid edilməsi təzə bir şey deyildir. Çünki istər Quran ayələrində, istərsə ondan başqa şeylərdə, habelə ərəb və qeyri-ərəb ədəbiyyatında çox hallarda bir kəlmə cəm formada gətirilir, amma bir nəfər nəzərdə tutulur. Məsələn, Quranda buyurulur: الَّذينَ قالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَاخْشَوْهُمْ فَزادَهُمْ إيماناً... “O kəslər ki, camaat onlara “camaat sizin üçün müharibəyə gəlmişdir, onlardan qorxun!” dediyi zaman bu söz onların imanını artırır.”[22]

Müfəssirlərin nəzərinə əsasən, burada “camaat” dedikdə Nəim ibni Məsud nəzərdə tutulur. Çünki o, müsəlmanları sayı çox olan müşriklərdən qorxutmaq üçün Əbu Süfyandan pul almışdı. Başqa bir ayədə buyurulur:

لَقَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّذينَ قالُوا إِنَّ اللَّهَ فَقيرٌ وَ نَحْنُ أَغْنِياءُ...

“Allah, “Allah yoxsuldur və biz varlıyıq” deyənlərin sözünü eşitdi.”[23] Burada “deyənlər” sözündən məqsəd bir çox müfəssirlərin nəzərinə əsasən Hüyy ibni Əxtəb və ya Fənhas olmuşdur.

Bəzən də bir şəxsə təzim və hörmət əlaməti olaraq cəm əvəzliyi ilə xitab olunur. Məsələn, Allah-taala İbrahim (əleyhis-salam)-ın barəsində buyurur: إِنَّ إِبْرَاهيمَ كانَ أُمَّةً قانِتا “Həqiqətən İbrahim (təklikdə) Allahın fərmanına müti olan bir ümmət idi.”[24] Bu ayədə cəm mənasını çatdıran “ümmət” kəlməsi həzrət İbrahimə aid edilmişdir.[25] Allah-taalanın buyurduğu növbəti ayə də bu qəbildəndir: يَقُولُونَ لَئِنْ رَجَعْنا إِلَى الْمَدينَة “Deyirlər: “Mədinəyə qayıtdığımız zaman izzət sahibləri zəlilləri oradan çıxardacaqdır.” Halbuki, İzzət Allaha, Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər bunu bilmirlər.”[26] Bu ayədə də “deyirlər” kəlməsi cəm halda olsa da, bütün müfəssirlərin nəzərinə əsasən məqsəd İbni Übey adlı bir münafiqdir. Cəm formada gələn kəlmə ilə bir şəxsin nəzərdə tutulmasını göstərən Quran ayələri olduqca çoxdur.[27] Burada hamısını qeyd etməyə macal yoxdur.

 

 


[1] Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 8-ci cild, səh. 103, “Darul-kutubil-islamiyyə”, Tehran, 1-ci çap, 1374-cü şəmsi il

[2] Təbəri, Əbu Cəfər Məhəmməd ibni Cərir, “Tarixul-uməm vəl-muluk” (“Tarixi Təbəri” adı ilə məşhurdur), 2-ci cild, səh. 310, tədqiq: Məhəmməd Əbul-Fəzl İbrahim, Beyrut, “Darut-turas”, 2-ci çap, 1967-ci miladi il

[3] Yenə orada

[4] Yenə orada

[5] İbni Əsir, İzzuddin Əbdül-Həsən, “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 57, Beyrut, “Darus-sadir”, 1965-ci il

[6] Əhməd ibni Hənbəl, “Müsnəd”, hədis 18478, “Əl-məktəbətuş-Şamiyyə” CD-indən nəqlən.

[7] Tirmizi, “Sünən”, hədis 4100, “Əl-məktəbətuş-Şamiyyə” CD-indən nəqlən

[8] İbni Səd, Məhəmməd ibni Səd ibni Məni’ Haşimi Bəsri, “Ət-təbəqatul-kubra”, 3-cü cild, səh. 15, tədqiq: Məhəmməd Əbdül-Qadir Əta, “Zikru islami Əli və səlatihi” bölməsi, Beyrut, “Darul-kububil-elmiyyə”, 1-ci çap 1990-cı il

[9] Qurtəbi, Məhəmməd ibni Əhməd, “Əl-camiu liəhkamil-Quran”, 8-ci cild, səh. 235, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 1-ci çap, 1406-cı qəməri il

[10] İbni Əbdul-Birr, Əbu Ömər Yusif ibni Əbdillah, “Əl-istiy’ab fi mərifətil-əshab”, 3-cü cild, səh. 1092, tədqiq: Əli Məhəmməd Bəcavi, Beyrut, “Darul-ceyl”, 1-ci çap, 1992-ci il

[11] “Təfsiri-nümunə”, 8-ci cild, səh. 104

[12] Bəhrani, Seyid Haşim, “Əl-bürhan fi təfsiril-Quran”, 2-ci cild, səh. 829, “Besət” müəssisəsi, Tehran, 1-ci çap, 1416-cı qəmər il

[13] Yenə orada, səh. 833

[14] Yenə orada

[15] Bu sözü sünnü alimi Fəxr Razi həmin ayənin izahında demişdir.

[16] “Məryəm” surəsi, ayə: 12

[17] “Məryəm” surəsi, ayə: 30

[18] “Təfsiri-nümunə”, 8-ci cild, səh. 100-107 (azacıq dəyişikliklə)

[19] Zəhəbi, “Tarixul-islam”, tədqiq: Ömər Əbdus-Səlam, 3-cü cild, səh. 638, “Darul-kitabil-ərəbi”, Beyurt, 2-ci çap, 1993

[20] Sübhani, Cəfər, “Kəşful-mürad”ın şərhi, səh. 223, Bi.ta, bi. ca

[21] Cəlaləddin, Süyuti, “Əddurrul-mənsur fi təfsiril-mə’sur”, 1-ci cild, səh. 104, Ayətullah Mərəşi Nəcəfinin kitabxanası, Qum; Bəlaği Nəcəfi, Məhəmməd Cavad, “Alaur-Rəhman fi təfsiril-Quran”, 1-ci cild, səh. 11, “Besət” müəssisəsi, 1-ci çap, Qum, 1420-ci qəməri il

[22] “Ali-imran” surəsi, ayə: 173

[23] “Ali-imran”, surəsi, ayə: 181

[24] “Nəhl” surəsi, ayə: 120

[25] “Təfsiri-nümunə”, 2-ci cild, səh. 588.

[26] “Munafiqun” surəsi, ayə: 8

[27] Seyid Məhəmməd Kazimi Qəzvini, “Ərrəddu əla rəddis-səqifə”, 1-ci cild, səh. 269, təshih və təliq: Heyət, Məhəmməd Əmin, Qum, 2-ci çap, 2002-ci il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    114137 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    87049 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65982 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    49589 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    38799 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    36261 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    25098 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24405 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    24076 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    22132 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...