Baxanların
5758
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
Məlun Yezidin göstərişi ilə ordu Kəbə Evini yandırdığı zaman nə üçün onlara əzab nazil olmadı?
Sual
Məlun Yezid öz ordusunu Kəbə Evini yandırmağa göndərdiyi zaman və bu iş baş verdikdən sonra nə üçün onlara ilahi əzab nazil olmadı?
Qısa cavab

Yezid (lənətullah əleyh) özünün qısa müddətli hakimiyyəti dövründə üç ağır cinayət törətmiş və çirkin əmələ batmışdı. Birincisi, imam Hüseyn (əleyhis-salam)-ı qətlə yetirmək, ikincisi “Hirrə” hadisəsində Mədinə əhalisini kütləvi qırmaq, üçüncüsü isə Kəbə Evini yandırmaq. Bu kimi zalım və mənfur adamların dünyada da ilahi əzaba düçar olduqlarını görürük. (Bu, ətraflı cavabda qeyd ediləcəkdir.) Bəlkə də bu işin hikməti iki şeydə ola bilər: Birincisi, əzabın nə vaxt nazil olması və növü Pərvərdigari-aləmin iradə və qüdrətinə bağlıdır. Bəzi hallarda Allah-taala əzabı birbaşa və qeybi qüvvələrin vasitəsi ilə nazil edir. Misal olaraq, Həbəşistandan gəlmiş Əbrəhənin ordusuna göndərilən əzabı qeyd etmək olar. Bu hadisəni araşdıranda aydın olur ki, orada Kəbənin əsli dağıdılaraq məhv edilmə ərəfəsində idi, bir şəxs də onun qüdrətli ordusu qarşısında müqavimət göstərməyə qadir deyildi. Buna görə də bu hadisədə Allahın iradəsi Kəbənin əslinin qorunub-saxlanması əsasında oldu, nəticədə oraya hücum edənlərə ilahi əzab nazil oldu. Amma Yezidin hakimiyyəti zamanı Kəbə Evi onun əmri və ordusunun vasitəsi ilə yandırılsa da, Kəbənin əsli təhlükə ilə qarşılaşmamışdı. Əlbəttə, bu hadisədə də müsəlmanların ən müqəddəs və möhtərəm saydıqları məkanlardan biri, yəni Allah-taalanın əmin-amanlıq hərəmi hörmətsizliyə məruz qaldı. Lakin əgər o zalımlar yenidən Məkkəni işğal edərək ona hakim kəsilsəydilər, Kəbə Evini təmir edib düzəldəcəkdilər.

İkincisi, hər hansı bir hadisədə qeybi köməklərin varlığı onun sahibinin haqq əsasında olmasına dəlalət edir və kəramətli, möcüzəli iş onun vasitəsi ilə baş verir. Məkkəyə hakim olan qüvvələrin rəisi və Yezidin əleyhinə qiyam edən şəxs Əbdullah ibni Zübeyr idi. Tarixdə məşhur bir məsələ olduğu kimi, o özünün şəxsi arzuları və hədəfləri üçün çalışır, müharibə aparırdı, amma haqq-həqiqətlə işi yox idi və din onun üçün əsla mühüm deyildi. Bundan əlavə, o Əli (əleyhis-salam)-ın ən böyük düşmənlərindən biri hesab olunurdu. Hətta Əli (əleyhis-salam) onun barəsində buyurmuşdu: “Zübeyr, nəhs övladı (Əbdullah) böyüyənə qədər bizdən idi.” Əbdullah ibni Zübeyrin vasitəsi ilə kəramətli və möcüzəli işin göstərilməsi həqiqətdə ona müqəddəslik və qanunilik haqqı vermək sayılırdı, buna görə də Allah-taala bu kəramətli işin onun xeyrinə tamam olmasını istəməmişdi. Amma eyni halda ətraflı cavabda da deyiləcəyi kimi, müqəddəs Kəbə hərəminə təcavüz edənlər öz çirkin və yaramaz əməllərinin cəzasını elə bu dünyada da aldılar.

Ətreaflı cavab

Sualdan da aydın olur ki, Yezidin əmri ilə Kəbənin yandırılmasında heç bir şəkk-şübhə yoxdur. Buna görə də əvvəlcə bir neçə məsələni aydınlaşdırmaq lazımdır:

1. Yezidi tanımaq, onun islami dəyərlər əsasında olan təlim-tərbiyədən nə qədər uzaq olmasını bilmək;

2. Onun hakimiyyəti dövründə törətdiyi ağır cinayətlər və kədərli hadisələr;

3. Onun özü barəsində, eləcə də imam Hüseyn (əleyhis-salam) və onun köməkçilərinin intiqamını almaq üçün Allah tərəfindən göndərilən müəyyən şəxslərin onun ordusuna necə hakim kəsilməsi barəsində İslam alimlərinin sözləri.

Amma Yezid ibni Müaviyənin (lənətullah əleyhima) şəxsiyyətinə gəldikdə isə, o, nəinki dini, hətta fərdi şəxsiyyət nəzərindən də çox mənfur, alçaq təbiətli və həqir bir adam idi. Bu barədə Məsudinin “Murucuz-zəhəb” kitabındakı sözünü qeyd edirik: “Yezid ləhv-ləhib, əyyaşlıq, ğina (haram musiqi) alətləri ilə məşğul olur, itlə, meymunla oynayır, həmişə şərab içirdi... Məhz onun dövründə Məkkə və Mədinədə ğina (haram musiqi) aşkar şəkildə yayılmağa, ləhv-ləib (əyyaşlıq) alətlərindən istifadə olunmağa başladı. Camaat əksər hallarda şərab içməyə məşğul idilər.”[1]

Təbəri və başqa tarixçilər bu barədə yazırlar: “Aralarında Əbdullah ibni Hənzələ Ənsari (Ğəsisul-məlaikə) olmaqla Mədinə əhalisindən bir qrupu Yezidin yanına getdilər. Mədinəyə qayıtdıqları zaman camaatın arasında Yezidin və Ütbənin əyyaşlığa, günah işlərlə, fitnə-fəsadla məşğul olduğunu camaata aşkar etdilər... O cümlədən dedilər: “Biz dinsiz, daim şərab içən, tənbur çalan bir şəxsin yanından qayıdırıq. Biz ona beyəti geri götürürük!” Camaat da ondan bezarlıq etdilər. [2]

Təbərinin, həmçinin İbni Əsirin “Kamil” kitabındakı bəyanı belədir: Müaviyə camaatdan Yezid üçün beyət almaq istədikdə Ziyad ibni Əbihə bir məktub yazdı və onunla məşvərət etdi. Ziyad da Əbdullah ibni Kəbə xəbər göndərib dedi: “Möminlərin əmri Müaviyə (!) mənə bir məktub yazmışdır. Məncə, camaatdan Yezid üçün beyət almaq qərarına gəlmişdir. Amma camaatın bu işə nifrətlə yanaşacağından qorxur... Yezid çox tənbəl və halsız adamdır.”[3]

İbni Qüteybənin “Əl-imamətu vəs-siyasət” kitabında imam Hüseyn (əleyhis-salam)-dan nəql etdiyi sözü: Müaviyə camaatdan Yezidin vəliəhdliyinə dair beyət almaq istədikdə həzrət İmam Hüseyn (əleyhis-salam) buyurmuşdu: “Heç vaxt, heç vaxt, ey Müaviyə! Elə bil pərdə arxasında gizlənən, yaxud yerindən məlumatın olan bir şəxsdən danışırsan! ... Yezidin (yaramaz) əməli onun (alçaq) şəxsiyyətinə və səlahiyyətsizliyinə dəlalət edir. Yezidin barəsində onda olan şeyləri de: o, itlə, meymunla oynayır, göyərçin uçurtmaqla məşğuldur, təbil, qaval çalır, ləhv-ləiblə (əyyaşlıqla) məşğuldur. Görürsən ki, o bu kimi çirkin, yaramaz və xəbis işlərdə ustadır. Belə isə, bu sözlərdən uzaq ol!”[4]

Süyutinin “Tarixul-xüləfa” kitabında dediyi sözlər: “Mədinə əhalisinin Yezidi xilafətdən götürmələrinin səbəbi onun günaha çulğalaşması idi.”

Bu aşkar bəyanlar Yezidin dini və ictimai məsələlərdə laqeyd insan olmasına və dəyərsiz şəxsiyyətinə dəlalət edir.

Yezidin (lənətullah əleyh) hakimiyyəti dövründə baş verən faciəli hadisələr

Danılmaz tarixi faktlara əsasən, Yezidin qısa müddətli nəhs hakimiyyəti dövründə tarixin ən acınacaqlı faciələri, çirkin və mənfur işləri baş vermişdir. Onların birincisi imam Hüseyn (əleyhis-salam)-ın özü, səhabələri və Əhl-beytinin şəhid edilməsi idi. Bu hadisə barədə nəinki xüsusi insanlar, alimlər və tarix yazanlar, hətta avam camaat belə, azacıq şəkk-şübhə etmirlər.

İkinci hadisə – “Hirrə” hadisəsi

Bu da Yezid ibni Müaviyənin (lənətullahi əlehyima) dövründə baş verən məşhur hadisələrdən biridir. Bu hadisəni bütün tarixçilər qeyd etmiş və bu barədə yekdil fikirdədirlər: Bu hadisədə Yezidin göndərdiyi Şam ordusu mühacir və ənsardan bir çox səhabələri qətlə yetirdilər, Yezidin əmri ilə Mədinə əhalisinin can, mal-dövlət və namusunu üç gün ərzində əsgərlərə mübah (halal) etdilər.[5]

İbni Əsir “Kamil” kitabında yazır: “Hirrə” hadisəsi ilk dəfə, Mədinə əhalisi Yezidlə beyətini pozan vaxtdan başlandı... Yezid çoxlu nahaq qan axıtdığına görə müsrif – israfçı adlanan yaşlı və xəstə bir adama – Müslim ibni Əqəbə Mərriyə əmr etdi ki, Mədinəyə doğru hərəkət etsin. Müslim Yeziddən icazə aldı ki, Mədinə əhalisinin can, mal-dövlət və namuslarını üç gün müddətində öz əsgərlərinə mübah (halal) etsin, Mədinə əhalisinin sərvət, mal-heyvan, əmtəə, silah və s. əmlakını ordunun ixtiyarına keçirsin və üç gündən sonra camaatı azad etsin... Mədinə əhalisi onunla qarşılaşmada məğlub oldular... Müslim də üç gün ərzində şəhəri öz ordusuna mübah etdi. Bu üç gün ərzində əhalini qılıncdan keçirib mal-dövlətlərini zəbt etdilər. Bütün əhali və Peyğəmbərin səhabələri ah-fəğan edirdilər... O, camaatı Yezidlə bu əsasda beyətə dəvət edirdi ki, tam mənada onun qulu olsunlar, Yezid onların ailəsi, qanları, mal-dövlətləri barədə hər nə istəsə, etsin. Camaat da bu əsasda onunla beyət edirdilər. Hər kəs bu beyətdən imtina etsəydi, onu qətlə yetirirdilər. Bu hadisə ilə əlaqədar çoxlu günahsız insanlar qətlə yetirildi. “Hirrə” hadisəsi hicrətin 60-cı ilində zil-həccənin axırına üç gün qalmış baş vermişdi.[6]

Təbəri də öz “Tarix”ində həmin ibarələrin oxşarını nəql etmişdir.[7]

Biz burada “Hirrə” hadisəsinin təfərrüatını, bütün yönlərini və baş verən cinayətlərin hamısını qeyd etmək məqamında deyilik; sadəcə onların bəzi hissələrini açıqlayır və onun nə qədər ağır faciə olduğunu qeyd etməklə kifayətlənirik. Əvvəlcə nəql etdiyimiz mətləblərdən əlavə, İbni Qüteybə bunu da əlavə edir: “Hirrə” hadisəsində Peyğəmbər səhabələrindən 80 nəfər qətlə yetirildi, ondan sonra artıq “Bədr” səhabələrindən heç kəs sağ qalmamışdı. Qüreyş və ənsardan 700 nəfər, sair əhalidən isə – istər məvali, istər ərəb, istərsə də tabeindən on min nəfər qətlə yetirildi.[8]

Bunların hamısından artıq nifrət yaradan ifadə Yəqubinin sözləridir: “Hirrə hadisəsində Mədinənin yerli əhalisinə yürüş edildi... Peyğəmbərin şəhəri mübah edildi... Bakirə qızlardan ataları məlum olmayan uşaqlar dünyaya gəldi.”[9]

Üçüncü hadisə: Məkkeyi-Mükərrəməyə yürüş və Kəbə Evinin yandırılması

Sual məhz bu hadisə ilə əlaqədar verilmişdir. Bu da Yezidin şər və rüsvayçılıqla dolu olan həyatında baş verən sonuncu faciə idi. Tarixçilər aşkar şəkildə demişlər ki, Əmr ibni Səid Əştəq və Übeydullah ibni Ziyad Məkkəyə həmlə ilə əlaqədar Yezid ibni Müaviyənin qərarını qəbul etmədikdə Yezid Müslim ibni Əqəbəyə göstəriş verdi ki, Məkkəyə hücum etsin.[10]

İbni Əsir öz “Tarix”ində hadisəni belə şərh edir: “Müslim Mədinə əhalisini qətlə yetirdikdən, mal-dövlətlərini qarət edib qurtardıqdan sonra köməkçiləri ilə birlikdə İbni Zübeyri məğlub etmək üçün Məkkəyə doğru hərəkət etdi... Muşləl adlı bir məntəqəyə çatanda əcəl onu yaxaladı və cəhənnəmə vasil oldu. Onun ölümündən sonra Hüseyn ibni Nəmir ordunu hərəkət etdirib Məkkəyə çatdı... Məkkə əhalisi müqavimət göstərdi, məhərrəm ayının qalan günləri, bütünlükdə səfər ayı və rəbiul-əvvəldən üç gün bir-biri ilə müharibə etdilər. Nəhayət mancanaqla Allah Evinə hücum etdilər və onu yandırdılar. Bundan sonra Zübeyri mühasirəyə aldılar.”[11]

İbni Qüteybə özünün “Əl-imamətu vəs-siyasət” adlı kitabında yazır: “(Hüseyn) ibni Nəmir Məkkəyə çatandan sonra bir dəstə adamı göndərdi ki, Məkkənin aşağı məhəlləsi olan Məsfələni işğal etsinlər və mancanaqları orada qursunlar. Sonra orduya əmr etdi ki, hər gün mancanaqla od parçaları və böyük daşları Məscidul-Hərama doğru atsınlar.”[12]

Yəqubi də həmin sözləri öz tarixində demişdir.[13]

Qeyd olunanlardan aydın olur ki, Yezidin göstərişi ilə onun ordusunun əncam verdiyi işlər danılmaz tarixi hadisələrdir və onun barəsində heç bir şəkk-şübhəyə yer yoxdur.

Nə üçün Yezidin ordusuna ilahi əzab nazil olmadı?

Bu, sualınızın əsas və ümdə hissəsidir ki, onun cavabında deyilməlidir:

İlahi əzab və onun hansı şəkildə nazil olması Allah-taalanın iradəsinə bağlıdır. Bəzi hallarda Allah-taala əzabı birbaşa və qeybi əsgərlərin vasitəsi ilə nazil edir. Misal üçün, “Fil” surəsində işarə edildiyi kimi, Həbəşistandan gəlmiş Əbrəhənin qoşununa nazil olan əzabı qeyd etmək olar. Burada Allah-taala Öz qüdrətini zahir etmişdir: “Dəstə-dəstə əbabil quşlarını onların başına göndərdik, kiçik siccil daşlarını onların başına atırdılar.”[14]

Bu hadisəni diqqətlə tədqiq edən bir şəxs aydın şəkildə görər ki, orada Kəbənin əsli təhdid olunurdu və məhv olmaq təhlükəsi ilə qarşılaşmışdı. Əbrəhənin qüdrətli ordusu qarşısında bir kəsdə Kəbəni müdafiə etmək qüdrəti yox idi. Hətta Qüreyşin böyük şəxsiyyəti olan Əbdül-Müttəlib Əbrəhəyə demişdi: “Mən dəvələrimin sahibiyəm, bu evin də bir sahibi vardır ki, onu təhlükədən hifz edəcəkdir.” Əbrəhə dedi: “Heç kəs mənim yolumun üzərində maneçilik törədə bilməz!” O dedi: “Özün bilərsən, görək nə olur.”[15]

Bu hadisədə Allah-taalanın iradəsi Kəbənin əslinin qorunmasına təəllüq tapdı və nəticədə ilahi əzab təcavüzkarlara nazil oldu.[16]

Amma Yezidin ordusu tərəfindən Kəbə Evi yandırılan zaman Kəbənin əsli təhlükə ilə qarşılaşmamışdı. Amma onun binasına müəyyən qədər xəsarət dəymişdi.[17]

Bu hadisədə müsəlmanların ən müqəddəs və önəmli məkanlarından birinə – Allah-taalanın əmin-amanlıq hərəminə qarşı ehtiramsızlıq rəva görülmüşdür ki, heç bir qeyrətli dindar müsəlman üçün dözüləsi deyildir. Lakin əgər o zalımlar yenidən Kəbəyə hakim kəsilsəydilər və Məkkəni işğal etsəydilər, Kəbəni təmir edəcəkdilər.[18]

Deməli, bu hadisədə Kəbənin əsli təhdid olunmurdu. “Fil səhabələri”nə birbaşa və kütləvi əzab nazil olmuşdu. Amma bəzilərinin dediyi kimi, Yezidə “asimandan heç bir əzab nazil olmasa da”, tarixə diqqət yetirməklə başa düşürük ki, misal üçün, imam Hüseyn (əleyhis-salam)-ın qətlində iştirak edənlərin hamısı elə bu dünyada öz əməllərinin cəzasına çatdılar və onların əksəriyyəti Muxtarın vasitəsi ilə cəzalandırıldı. Təkcə Sənan ibni Ənəs Muxtarın əlindən canını qurtara bildi. O, imam Hüseyn (əleyhis-salam)-ın mübarək başını bədənindən ayırmışdı.[19]

Tarixdə deyilir ki, Sənan, Həccac ilə görüşdüyü zaman imam Hüseyn (əleyhis-salam)-ı qətlə yetirməklə iftixar etdikdən sonra evinə qayıtdı və dili qurudu, ağlı başından çıxdı. Bundan sonra onun işi yalnız yemək və harda olduğundan asılı olmayaraq bövl etmək idi.[20] Görəsən ağıllı bir insan belə dünyəvi əzabdan da ağır bir əzab təsəvvür edə bilərmi?! Onun axirət əzabı da hamıdan şiddətlidir.

Amma Yəzid (lənətullah əleyh)-ə gəldikdə isə, o da elə bu dünyada ilahi əzaba düçar oldu. Bilazəri yazır: “Yezid məst olub meymununu ulağa mindirdi və özü də onun tərkinə mindi. Bu zaman ulaqdan yıxıldı və boynu sındı.”[21]

Tarixdə yazılır: Allah Evini uzun müddət mühasirədə saxladılar. Nəhayət, 64-cü hicri ilində Yezidin cəhənnəmə vasil olma xəbəri onlara çatdı. Onun cəhənnəmə vasil olması ilə süfyani sülaləsinin hakimiyyəti sona çatdı. Yeziddən sonra onun oğlu İkinci Müaviyədən başqa bu nəsildən heç kəs hakimiyyətdə olmadı. Güclü nəzəriyyə görə ona hiylə ilə zəhər verdilər və məhv oldu.[22]

Yalnız qırx gün hakimiyyətdə olan[23] İkinci Muaviyənin qətlə yetirilməsindən sonra əməvilərən arasında ixtilaf yarandı və hakimiyyətləri yavaş-yavaş süquta uğramağa başladı. Bəzi şairlər bu məsələyə işarə edərək demişlər: “Mən Əbi Leyladan[24] sonra elə bir fitnəni görürəm ki, onun qazanı artıq qaymağa başlamışdır.”[25]

Amma ordunun sərkərdələrinə gəldikdə isə:

Müsrif (israfçı) adı ilə məşhur olan Müslim ibni Əqəbə Məkkə yolu əsnasında cəhənnəmə vasil oldu. Hüseyn ibni Nəmir və Übeydullah ibni Ziyad da İbrahim ibni Malik Əjdərin əli ilə qətlə yetirildi.[26]

Unutmaq olmaz ki, bizim əlimizdə olan tarixdə belə yazılır: “Hakimiyyətə gələn soltanlar hakimlərin məqamına xələl yetirən hər bir həqiqəti məhv etmək qərarına gəlmişdirlər; onlar keçmiş xəlifələrin barəsində eyib yaradan məsələləri tarixdən silirdilər.”

Qeyd olunmalı sonuncu məsələ budur: Hər hansı bir hadisədə mövcud olan qeybi köməklər buna dəlalət edir ki, kəramət və möcüzə göstərən şəxs haqdır. Məkkədə Yezidin əleyhinə qiyam edən qüvvələrin rəhbəri Əbdullah ibni Zübeyr idi. O, din, haqq-həqiqət üçün yox, özünün şəxsi arzuları üçün çalışırdı. O həm də Əli (əleyhis-salam)-ın ən böyük düşmənlərindən biri idi, hətta həzrət Əli (əleyhis-salam)-ın özü buyurmuşdu: “Zübeyr, nəhs oğlu (Əbdullah) böyüyənə qədər bizdən (bizim tərəfdarımız) idi.”[27] İbni Zübeyr kimi yaramaz və mənfur adamların Kəbədə olduğu halda  möcüzəli işlərin baş verməsi həqiqətdə ona müqəddəslik və qanunilik vermək idi. Buna görə də Allah-taala istəmirdi ki, bu möcüzələr İbni Zübeyrin əli ilə baş versin. Amma eyni zamanda Allah-taalanın Özü Kəbə Evinə təcavüz edənləri cəzalandırmışdır.



[1] Məsudi, Əbul-Həsən Əli ibni Hüseyn, “Murucuz-zəhəb”, 3-cü cild, səh. 77, ikinci çap

[2] İbni Əsir Şeybani Cəzəri, Əbul-Həsən Əli ibni Əbi Kərəm, “Əl-kamilu fit-tarix”, 62-ci hicri ilinin hadisələri, “zikru vəfdi əhlil-Mədinəti iləş-Şam”, “Darul-fikir” müəssisəsi, Beyrut, Livan, üçüncü çap, 1400-cü hicri-qəməri, 1980-ci miladi ili 

[3] “Tarixi Təbəri”, 4-cü cild, səh. 224-225; “Əl-kamilu fit-tarix”, 3-cü cild, səh. 249, 250; “Siyəru ə’lamin-nübəla”, 4-cü cild, səh. 38: “Yezid məst halda rəqs edəndə birdən arxası üstdə yerə yıxıldı və başı yarıldı.”

[4] İbni Qüteybə, Əbu Məhəmməd Əbdullah ibni Müslim, “Əl-imamətu vəs-siyasət” (“Tarixul-xüləfa” adı ilə məşhurdur), 1-ci cild, səh. 186, Müstəfa Babi Hələbi və övladlarının mətbəəsi, Misir; İbni Əsəm də “Əl-futuh” kitabında bu məzmunun oxşarını çoxlu hallarda nəql etmişdir: 5-ci cild, səh. 18, 4-cü cild, səh. 241

[5] Hafiz Əbul-Fida Dəməşqi, İsmail ibni Kəsir, “Əl-bidayətu vən-nihayə”, 8-ci cild, səh. 225; “Əl-futuh”, 5-ci cild, səh. 292; İbni İmad Hənbəli Dəməşqi, Əbdul-Həyy ibni Əhməd ibni Məhəmməd ibni İmad İmam Şəhabuddin Əbil-Fəllah Əkri Həmbəli Dəməşqi, “Şəcəratuz-zəhəb fi əxbari mən zəhəb” , 1-ci cild, səh. 276 və 278, “Daru İbni Kəsir”, Dəməşq-Beyrut, birinci çap; Hafiz Şəmsəddin Məhəmməd ibni Əhməd ibni Osman Zəhəbi, “Tarixul-islam və vəfəyatul-məşahiri vəl-ə’lam”, 64-cü hicri ilinin hadisələri, səh. 25, “Darul-kitabil-ərəbi”, birinci çap.

[6] Bilazəri, Əhməd ibni Yəhya ibni Cabir, “Ənsabul-əşraf”, 4-cü hissə, 1-ci cild, səh. 323; “Tarixi Təbəri”, 4-ci cild, səh. 372, Məhəmməd Sənqur, əvvəlki mənbə, səh. 80-82

[7] “Tarixi Təbəri”, 4-ci cild, səh. 372; Bilazəri, Əhməd ibni Yəhya ibni Cabir, “Ənsabul-əşraf”, 4-cü hissə, 1-ci cild, səh. 323, Məhəmməd Sənqur, əvvəlki mənbə, səh. 80-82

[8] “Əl-imamətu vəs-siyasət”, 1-ci cild, səh. 216; İbni Kəsir “Əl-bidayətu vən-nihayə”də Zəhridən belə nəql edir: “Hirrə hadisəsində mühacir, ənsar və məvalinin tanınmış şəxsiyyətlərindən 700 nəfər qətlə yetirildi. Yerdə qalan əhalidən isə on min nəfər öldürüldü.” 8-ci cild, səh. 242; “Tarixul-Vərdi”, 1-ci cild, səh. 233; “Kənzud-durər”, Əbu Bəkr Dəvadari, 4-cü cild, səh. 111

[9] İbni Vazeh Əxbari, Əhməd ibni Əbu Yəqub ibni Cəfər ibni Vəhəb, “Tarixi Yəqubi”, 2-ci cild, səh. 250 və 251, “Darus-sadir” çapı. İbni Kəsir “Əl-bidayətu vən-nihayə” kitabında deyir: “Qadınlar zorakılığa məruz qaldılar, onlarla zina edildi. Hətta deyilmişdir ki, min qız əri olmadan hamilə olmuşdu.” Mədaini də Əbi Qürrədən nəql edir ki, Hişam demişdir: “Hirrə hadisəsindən sonra min qız ərə getmədən (zinadan) övlad dünyaya gətirmişdir.” 8-ci cild, səh. 242; “Tarixul-islam və vəfəyatul-məşahiri vəl-ə’lam” kitabında yazır: “Müsrif (Müslim) ibni Əqəbə Mədinədə üç gün müddətində qətl-qarətə məşğul oldu və oradan min nəfər bakirə qızı götürdülər.” 64-cü ilin hadisələri, səh. 26. “Əxbarut-tival” səh. 265

[10] “Tarixi Təbəri”, 3-cü cild, səh. 371; “Əl-kamilu fit-tarix”, 3-ci cild, səh. 311

[11] “Əl-kamilu fit-tarix”, 3-ci cild, səh. 316; “Əl-bidayətu vən-nihayə” 8-ci cild, səh. 246

[12] “Əl-imamətu vəs-siyasət”, 2-ci cild, səh. 12; “Tarixul-islam və vəfəyatul-məşahiri vəl-ə’lam”, 64-cü ilin hadisələri, səh. 34; “Şəzəratuz-zəhəb fi əxbari mən zəhəb”, 1-ci cild, səh. 282; İbni Əsəm, “Tarixul-futuh”, (Əllamə Əbu Məhəmməd Əhməd ibni Əsəm Kufi), “Darun-nüdvətil-cədidə”, Beyrut, birinci çap. Orada yazılır: “Bu müddət ərzində daim Kəbə Evinə mancanaqla od parçası və daş yağdırırdılar... Ordu daim Məscidul-Həramı və Kəbəni od parçaları və daşlarla hücuma məruz qoyurdu.” 5-ci cild, səh. 302; “Tarixu İbni Vərdi”, səh. 234; Əbu Hənifə, Əhməd ibni Davud Dinəvəri, “Əl-əxbarut-tival”, səh. 268, birinci çap, Qahirə, 1960-cı il; “Mir’atul-cinan”, 1-ci cild, səh. 113; “Əl-muntəzəm”, 6-cı cild, səh. 22

[13] “Tarixi Yəqubi, 2-ci cild, səh. 251

[14] “Fil” surəsi 3 və 4-cü ayələr

[15] Süheyli, Əbdur-Rəhman Vəkil, “Mozuu Əbdullah və Əbrəhə”, “Daru ehyait-turasil-ərəbiyy”, “Tarix” müəssisəsi, Beyrut, 1-ci çap 1992-ci il; İbni Kəsir, “Əs-sirətun-Nəbəviyyə”, 1-ci cild, səh. 34. Bundan başqa digər mənbələrdə də “əshabi-fil” hadisəsi qeyd olunur.

[16] “Fil” surəsi, 5-ci ayə “Onların axır-aqibəti çeynənilmiş (əzilmiş, dağılmış) saman kimi oldu.”

[17] Təbani Cəzairi, Məhəmməd, “Təhzirul-əbqəri ən mühaziratil-Xəzri”, 1-ci cild, səh. 51, Beyrut, “Darul-kutubil-elmiyyə” nəşriyyatı, 1-ci çap, 1955-ci miladi il.

[18] Kəbənin tikilişi ilə əlaqədar yazılan kitablara baxa bilərsiniz.

[19] Əli Əclə, Tahir, “Rə’sul-Hüseyn”, səh. 29, Beyrut, “Darul-İslam” nəşriyyatı, birinci çap.

[20] Hafiz Əbul-Qasim, Əli ibni Hüseyn ibni Hibətullah ibni Əbdullah Şafei, “Tarixu mədinəti Dəməşq”, 14-cü cild, səh. 231, “Darul-fikir” nəşriyyatı; “Əl-muntəxəbu min zeylil-muzəyyəl”, səh. 16. “Rə’sul-Hüseyn” kitabından nəqlən, səh. 31

[21] Bilazəri, “Ənsabul-əşraf”, 2-ci cild, səh. 177, “Yezidin tərcümeyi-halı”, “Yezid ibni Müaviyənin əmri” bölməsi

[22] Məsudi, “Murucuz-zəhəb”, 3-cü cild, səh. 89

[23] Murəc Sədusi, “Həzfun min nəsəbi Qureyş”

[24] İkinci Muaviyənin künyəsidir.

[25] Zübeyri, Müsəb, “Nəsəbu qüreyş”, 1-ci cild, səh. 44 http://www.alwarraq.com

[26] İbni Əsakir, “Tarixu Dəməşq”, 58-ci cild, səh. 236, “Əl-kitabul-müzəyyəl”, Əli Şirinin tədqiqatı ilə

[27] Mötəzili, İbni Əbil-Hədid, "Nəhcul-bəlağə"nin şərhi, 4-cü cild, səh. 480, 1-ci çap, Misir; Məhəmməd Əbdüh, "Nəhcul-bəlağə"nin şərhi, 3-cü cild, səh. 260, 354-cü hikmət, “İstiqamət” çapı; Əbu Əmr “Əl-istiy’ab” kitabında İbni Zübeyrin tərcümeyi-halında həmin ifadələri “məş’um” (nəhs) kəlməsini ixtisara salmaqla nəql etmişdir. Güman edirəm ki, onun üçün nəql olunmuşdur, lakin onun özü ixtisara salmışdır.

İbn Əsir də bunu “Usdul-ğabə”, 3-cü cild, səh. 162-də, İbni Zübeyrin tərcümeyi-halında nəql etmişdir. (İzzuddin ibni Əsir Əbil-Həsən Əli ibni Məhəmməd Cəzəri, “Daru ehyait-turasil-ərəbi”, Beyrut, Livan). Həmçinin İbnu Əbdi Rəbbih “Əl-əqdul-fərid” kitabı, 5-ci cild, səh. 72-də də nəql etmişdir. “Lucnətut-tə’lif vət-tərcümə vən-nəşr”, 3-cü cild, səh. 96; Şeyx Müfid, “Əl-cəməl” kitabı, səh. 192-də nəql etmişdir. Həmin mətləbi Doktor Səbri İbrahim Seyid "Nəhcul-bəlağə"nin yeni nüsxəsində tədqiq etmişdir: Qətərin “Eynuş-şəms” universiteti; “Movsuətu İbni Abbas”, 2-ci cild, səh. 127

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    103931 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    79107 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    56986 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    39226 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    30293 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22120 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21510 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    20767 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20016 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    19873 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...