Please Wait
5569
Lüğət və Quranda “dəyn” kəlməsi borc mənasına gəlmişdir. Bu hədisdə də “dəyn”in zahiri mənası olan borc nəzərdə tutulur. Amma görəsən, bu rəvayət borc etməyin məzəmməti ilə əlaqədar məsumlardan nəql olunan sair rəvayətlərlə təzadlıdırmı? Sualda da qeyd olunduğu kimi, bəzi rəvayətlərdə borc almaq qadağan edilmişdir. Digər tərəfdən də, Peyğəmbər, Əli, Həsən, Hüseyn (əleyhimus-salam), habelə müsəlmanlardan bir çoxu borclu olan halda şəhadətə çatmış, yaxud təbii ölümlə dünyadan getmişlər.
İki qisimdən olan rəvayətlərin arasında uyğunluq yaratmaq üçün demək lazımdır ki, rəvayətlərdəki qadağa o zamandır ki, bir şəxs ehtiyacı olmadan borc alsın. Bu da borc almağın məkruh (bəyənilməz) iş olmağına dəlalət edir. Əlbəttə, müəyyən hallarda bu işin haramlığını da göstərə bilər.
Lüğət alimləri “dəyn” kəlməsini “borc almaq” kimi məna etmişlər.[1] Həmçinin, bu kəlmə Quranda dörd yerdə işlənmişdir və hamısında da borc məsələsini çatdırır.[2] Buna əsasən, qeyd olunan hədisdə “dəyn”in zahiri mənası – “borc almaq” nəzərdə tutulur.
İndi görəsən, bu məna məsumların (əleyhimus-salam) borc almaqla əlaqədar qadağaları ilə təzadlıdırmı, yoxsa yox? Məsələnin aydın olması üçün bir neçə məqamı da diqqət mərkəzində saxlamaq lazımdır:
1. Sualda qeyd olunduğu kimi, bəzi rəvayətlərdə borc almaqdan çəkindirilir, yaxud Peyğəmbər (səlləllahu əleyhi və alih)-in borclu şəxsin cənazəsinə namaz qılmadığı deyilir.
Əbi Səid Xudri deyir: Peyğəmbərin belə buyurduğunu eşitdim: “Allaha pənah aparıram küfrdən və borcdan!” Dedilər: “Siz borclu olmağı küfrlə eyni bilirsinizmi?” Həzrət buyurdu: “Bəli.”[3]
Müaviyət ibni Vəhəb deyir ki, imam Sadiq (əleyhis-salam)-a dedim: “Bəziləri deyirlər ki, Peyğəmbərin dövründə səhabələrdən biri borclu halda dünyadan getmişdi. Peyğəmbərin özü onun cənazəsinə namaz qılmağa razı olmadı; səhabələrə buyurdu ki, din qardaşınıza cənazə namazı qılın. Nəhayət, meyitin qohumlarından biri borcunu ödəməyi öhdəsinə aldı. Bu söz düzdürmü?” İmam Sadiq (əleyhis-salam) buyurdu: “Bəli, düzdür!”[4]
2. Digər tərəfdən də, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih), Əli, Həsən, Hüseyn (əleyhimus-salam) və müsəlmanlardan bir çoxu borclu halda dünyadan getmişdilər. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özü barəsində nəql olunur: “Yəməndən Oman meşələrinə qədər, habelə bütün Hicazdan İraqa qədər ərazilər o həzrətin hakimiyyəti altında olsaydı da, vəfat edəndə borclu idi və onun zirehli paltarı ailəsinin yeməyi üçün girov qoyulmuşdu.”[5] Həmçinin bəzi imamlar və Peyğəmbərin səhabələrindən bir çoxu da belə olmuşlar.[6]
Buna əsasən, dini təlimlərdə bir tərəfdən borc almaq qadağan edilir, digər tərəfdən də gördüyümüz kimi, məsumların özü və onların səhabələri də borc alırmışlar. Bu qəbildən olan iki cür rəvayətlərin arasında uyğunluq yaratmaq üçün gərək borc alan şəxslərin arasındakı fərqləri araşdıraq:
a) Borc alanlardan bəziləri həqiqi mənada ehtiyaclıdırlar və ehtiyaclarını aradan qaldırmaq yalnız borc almaqla mümkündür. Misal üçün, həyat və məişətlərinin ən zəruri tələbatlarını ödəmək və ilkin vəsaitlərini təmin etmək üçün ehtiyaclı olan şəxslərin borc alması, zərurətə diqqət yetirməklə vacib olur.
b) Bəzi insanların ehtiyacı zərurət həddində olmasa da, ailə rifahını və məişət ehtiyaclarını adi səviyyədə təmin etmək yaxşı işlərdən olduğuna görə ailəsinin məişət və güzəranını sahmana salmaq, rifahını təmin etmək məqsədi ilə borc alması yaxşıdır.
v) Bəzi hallarda müəyyən insanlar ehtiyaclarını təmin etmək üçün deyil, şan-şöhrət, eyş-işrət, əyləncəlik məqsədi ilə və ehtiyaclarından artıq miqdarda rifah üçün borc edirlər. Bu məsələ şəriətdə qadağan edilir. Əgər möminin hörmətinin aradan getməsinə səbəb olarsa, haram da ola bilər.
Borc almağın qadağan edilməsinin hikmət və fəlsəfələrindən bəzilərini qeyd edirik:
a) Borc almaq gecə narahatçılığa və gündüz xarlığa səbəb olur. Əli (əleyhis-salam) buyurur: “Borc almaqdan uzaq olun! Çünki o, insanın gündüz zəlil, gecə isə hüznlü, qəm-qüssəli olmasına səbəb olur.”
b) Borclu şəxsin ödəməli olduğu haqq Allah yolunda şəhid olmaqla belə, aradan qalxmır. İmam Baqir (əleyhis-salam) buyurur: “Hər bir günah əməl Allah yolunda şəhid olmaqla bərpa olunur, yalnız borc istisnadır. Heç bir şey onu əvəz edib kəffarəsi ola bilməz. Yalnız o zaman öhdəsindən götürürlər ki, borclu şəxs onu ödəsin, yaxud dostları onun tərəfindən ödəsinlər, yaxud da borc sahibi güzəştə getsin.”
v) Camaat borc almağa daha artıq cürət etməsinlər.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in borclu səhabələrinə cənazə namazı qılmaması ilə əlaqədar İmam (əleyhis-salam) buyurur: “Əlbəttə, Peyğəmbərin bu əməli buna görə idi ki, camaat borc almağa cürət etməsinlər; nəinki borc almaq doğrudan da haramdır.” Çünki bəyan olunduğu kimi, Peyğəmbəri-əkrəm, bəzi imamlar və müsəlmanlardan çoxu dünyadan gedən zaman borclu idilər.[7] Digər tərəfdən də, bir çox hədislərdə borc vermək məsələsi tövsiyə edilir. Belə ki, əgər borc almaq haram olsaydı, borc verməyə təşviqin heç bir əsası və mənası olmazdı.[8]
Mərhum Əllamə Məclisi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bu iki rəftarı (borclu halda ölən şəxsin borcuna o həzrətin zəmanət və kəfaləti ilə şiə və sünnülərin hədisində gəldiyi kimi, Peyğəmbərin borclu şəxsin cənazəsinə namaz qılmaması) arasında uyğunluq yaratmaq üçün deyir: “İslamın əvvəllərində (borclunun cənazə) namazının tərk olunması o zaman idi ki, müsəlmanların sayı az idi və beytul-mal (ümumxalq əmlakı) boş idi. Amma Peyğəmbər tərəfindən borclara zəmanət verilməsi Beytul-malın artmasından, fəthlər nəticəsində qənimətlərin çoxalmasından sonra idi.”[9]
Bu nəzəri dəstəkləyən məsələ sünnülərin vasitəsi ilə gəlib çatan hədisdir. Orada deyilir ki, borclu halda ölmüş şəxsi o həzrətin yanına gətirirdilər və həzrət buyururdu: “Borcunu ödəmək üçün bir şeyi vardırmı?” Əgər “varıdır” desəydilər, ona namaz qılır və buyururdu: أَنَا أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ “Mən möminlərə, onların özündən artıq ixtiyar sahibiyəm. Əgər borcu vardırsa mənim öhdəmə olsun, onun qoyub getdiyi mallar isə varislərə çatar.”[10]
[1] Müstəfəvi, Hüseyn, “Əttəhqiq fi kəlimatil-Quranil-kərim”, 3-cü cild, səh. 287, “Kitab tərcümə və nəşr” qurumu, Tehran, 1360-cı il
[2] “Nisa” surəsi, ayə: 11 və 12
[3] Şeyx Səduq, “İləluş-şəraye”, 2-ci cild, səh. 527-529, 1-ci çap, Qum, Bi. Ta
[4] Şeyx Səduq, “Mən la yəhzuruhul-fəqih”, tərcüməçi: Ğəffari, Əli Əkbər, 4-cü cild, səh. 242-243, “Səduq” nəşriyyatı, 1-ci çap, Tehran, 1367-ci şəmsi il
[5] Qütb Ravəndi, “Əl-xəraicu vəl-cəraih”, 2-ci cild, səh. 885, “İmam Məhdi (əleyhis-salam)” mədrəsəsi, 1-ci çap, Qum, 1409-cu şəmsi il
[6] Bu barədə nəql olunan rəvayətləri oxumaq üçün bax: “İləluş-şəraye”, 2-ci cild, səh. 527-529
[7] “İləluş-şəraye”, 2-ci cild, səh. 527-529
[8] Faizsiz borcun əhəmiyyəti ilə əlaqədar “Qərzul-həsənə və onun sədəqəyə olan üstünlüyü” sualına – sual 13033 (sayt 12763) baxa bilərsiniz.
[9] Kuleyni, “Üsuli-kafi”, 3-cü cild, səh. 728, “Üsvə” nəşriyyatı, üçüncü çap, Qum, 1375-ci şəmsi ili
[10] Yenə orada