Please Wait
12391
Dahi şiə alimi, böyük fəqih, imamiyənin mötəbər mühəddislərindən biri və imam Zaman (əleyhis-salam)-ın kiçik qeybət dövrü ilə müasir olan Məhəmməd ibni Yəqub Kuleyninin (rəhmətullah əleyh) yazdığı “Kafi” kitabının rəvayətlərinin əksəriyyəti çox yüksək etibar dərəcəsinə malikdir. Baxmayaraq ki, digər rəvayət məcmuələri ilə müqayisədə onda da etibarı nisbətən az olan bəzi rəvayətləri tapmaq olar.
Həm şiələrin, həm də əhli-sünnətin nəzərinə əsasən, Quran ayələrinin şərh və təfsiri ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən və məsum imamlardan nəql olunan çoxlu səhih rəvayət məcmuələri mövcuddur. Dəyərli “Kafi” kitabının hədislərinin çoxu da Quran ayələrinin şərh bəyanındadır.
Suala cavab vermək üçün əvvəlcə “Kafi” kitabı barəsində qısa izah verir, sonra isə həmin kitabda mövcud olan rəvayətlərin etibar dərəcəsini araşdırırıq.
“Kafi” kitabının xarakteristikası və şiə mənbələri arasında onun əhəmiyyəti
Bu kitabın müəllifi və ondakı hədisləri bir yerə toplayan – böyük mühəddis Məhəmməd ibni Yəqub Kuleynidir. O, şiənin böyük fəqihlərindən biri, imamiyyə mühəddislərinin ən etibarlısı sayılan bu alim olmaqla imam Zaman (əleyhis-salam)-ın kiçik qeybət dövründə yaşamış, o Həzrətin sonuncu naibinin vəfatından qabaq – 328-ci ildə dünyadan getmişdir. Özü təklikdə bir ensiklopediya olan bir neçə cildlik bu kitab şiələrin ən mühüm rəvayət kitablarından və şiə aləminin dördlük təşkil edən (kutubi ərbəə) “Kafi”, “Təhzib”, “İstibsar” və “Mən la yəhzuruhul-fəqih” kitablarından biri hesab olunur. Mərhum Kuleyni onun dəyərli hədislərini təqribən 20 il ərzində bir yerə toplamışdır. Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən və o həzrətin Əhli-beytindən nəql olunan rəvayətlərə şamil olan bu kitabda dolğun islam maarifinə və dini elmlərə ən gözəl şəkildə işarə olunmuş və gözəl tərtiblə təqdim edilmişdir.
Bu kitab üç hissədən təşkil olunmuşdur: “Üsuli-Kafi”, “Fürui-Kafi”, “Rovzeyi-Kafi”. “Kafi” kitabının tənzimində mərhum Kuleyninin üslubu hədisin sənəd silsiləsini kamil şəkildə zikr etmək əsasında olmuşdur. Amma əvvəlki rəvayətlərin sənədində işarə edilmiş olduqda, bəzən sonrakı hədislərin sənədində işarə edilmir.
Kitabın şiənin mötəbər və ilkin mənbələri ilə fasiləsi çox az olduğundan, birbaşa o mənbələrdən əxz edildiyindən və yüksək dəqiqliyə malik olduğundan şiələrin nəzərindən xüsusi etibara malikdir. Təqribən 1000 il ərzində daim şiə alimləri və fəqihlərinin xüsusi diqqət mərkəzində olmuş, böyük şiə alimləri öz əsərlərində daim bu kitabın rəvayətlərinə istinad etmişlər.
Mərhum Şəhid Sani buyurur: “Kafi”nin hədisləri əhli-sünnətin “Sihahi sittə”dəki (onların nəzərində mötəbər sayılan altı kitab) hədislərinin məcmusundan artıqdır. Çünki “Kafi”dəki hədislərin sayı 16199-dur, lakin İbni Əsirin “Camiul-üsul” kitabında qeyd etdiyinə əsasən, əhli-sünnətin “Sihahi sittə”dəki hədislərinin məcmusu 9483 dənədir.”[1]
Bu kitabın özü və ondakı hədislərin etibarı ilə əlaqədar şiə alimlərinin sözləri bu kiçik məqaləyə sığa biləcəyindən daha artıqdır, onların yalnız bəzi hissələrinə işarə edirik:
Şeyx Mufid (rəhmətullah əleyh) bu kitab barəsində buyurur: “Kafi” kitabı şiə kitablarının ən yaxşısı və ən faydalısıdır.”[2]
Şəhid Əvvəl ləqəbi ilə məşhur olan Mərhum Məhəmməd ibni Məkki “Kafi” kitabı barəsində yazır: “Şiə aləminin hədis elmindəki “Kafi” kitabı misli olmayan bir kitabdır.”[3]
Əllamə Feyz Kaşani (rəhmətullah əleyh) buyurur: “Şiənin rəvayət kitabları arasında “Kafi” kitabı ən dəyərli, ən xatircəm, ən kamil və ən əhatəli bir kitabdır. Çünki bütün üsullara şamildir və onda artıq (lazımsız) şeylər yoxdur.”[4]
Əllamə Məclisi (rəhmətullah əleyh) buyurmuşdur: “Kafi” kitabı (şiənin) ən kamil və əhatəli hədis kitabı, şiə aləmində yazılan ən yaxşı və ən böyük kitabdır.”[5]
Nəticə:
Şiələrin məşhur nəzərinə əsasən, “Kafi”nin rəvayətlərinin əksəriyyəti yüksək etibar dərəcəsinə malikdir. Amma digər rəvayət məcmuələri kimi ondakı bəzi rəvayətlərin az etibar dərəcəsindən bəhrələnməsi də mümkündür.
Şiələr inanır ki, istisnasız olaraq bütün sözlərinə etimad oluna biləcək yeganə kitab yalnız Qurandır. Amma rical elmində mövcud olan meyarlara əsasən ayırd edilməsi mümkün olan bəzi zəif rəvayətlərin varlığını bəhanə edib ondakı çoxlu mötəbər rəvayətləri görməməzliyə vurmaq olmaz. Şərif “Kafi” kitabı rəvayətlərinin əksəriyyəti lazımi etibar dərəcəsinə malik olan kitablar cərgəsindədir. Əgər bir kəs “bu mötəbər rəvayətlərin əksəriyyəti Quran ayələrinin şərh və təfsirindədir” desə, ona irad tutmaq olarmı?! Necə ki, şiə və əhli-sünnətin nəzərinə əsasən, Peyğəmbərdən və məsum imamlardan nəql olunan digər mötəbər hədis və rəvayət məcmuələrindəki rəvayətlərin əksəriyyəti Quran ayələrinin şərh və təfsirindən ibarətdir.
Aydındır ki, bu mötəbər hədislər Quran təfsirinə nail olmaq üçün ən yaxşı yoldur. Çünki Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) və onun pak Əhli-beyti Allahın Kitabına və İslam maarifinə hamıdan artıq agah idilər.