Please Wait
6934
Azadlığın müxtəlif mənaları vardır və bu mənalara diqqət yetirməklə onun hüdudları bir-birindən fərqlənir:
1. Vücud baxımından istiqlaliyyət mənasına olan azadlıq.
Bu, mütləq vücuda – mutəal Allahın müqəddəs zatına məxsusdur ki, Onda heç bir məhdudiyyət yoxdur.
2. İxtiyar mənasına olan azadlıq.
Bu da kəlam elmində olan bir bəhsdir. Yəni insan iradə üzündən olan felləri və əməlləri yerinə yetirməkdə ixtiyara malikdir, hüquqi və şəri baxımdan o işlərə məhdudiyyət və qadağa qoyulsa belə.
3. Hüquqi azadlıq (insanın məskən, geyim, iş, həyat yoldaşı seçməkdə azadlığı, eləcə də , söz azadlığı, əqidə azadlığı və s).
İslam və şiəlik nəzərindən bunun hüdudları insanın dünya və axirət, maddi və mənəvi məsləhətlərinə maneçilik törətməməsi ilə şərtlənir.
Siyasi bəhslərdə əsas və önəmli bir məsələ olan mədəni və ya ictimai azadlıq bu (üçüncü) qisimdə yerləşir. “İctimai azadlıq” bölməsinə əsas sual bundan ibarətdir ki, dövlət və ya qanun fərdi azadlıqları hansı həddə qədər məhdudlaşdıra bilər?
Cavabı: İslamın siyasi təfəkküründə nə insanın mənəvi həyatının fəsadına və puçluğuna səbəb olan ifrat azadlığa icazə verilir, nə də insana bədbin nəzər salaraq onu, hər növ ədalətsiz və zalım hökuməti qəbul etməyə məcbur edir ki, onun bütün insani kəramətlərini məhv edib aradan aparsın, nəticədə fəal, məsuliyyətçi, ixtiyar sahibi olan belə bir insandan xar, zəlil və iradəsiz bir varlıq düzəltmiş olsun.
İnsanın təbiətində heç bir şey istiqlaliyyət və azadlıq qədərində dəyər kəsb etmir. Belə ki, əgər bir şəxsin fəaliyyətlərini müəyyən bir yerdə məhdudlaşdırsalar, bununla belə bütün dünya naz-nemətlərini və ləzzətlərini onun ixtiyarına versələr, yenə də razı olmaz və azadlığı bunların hamısından artıq sevər.
İlahi peyğəmbərlərin müqəddəs adlarının bəşər cəmiyyətləri arasında əbədi qalma səbəblərindən biri də bu məsələdə gizlənmişdir: bəşər övladı bir tərəfdən həmişə özünün təbii və titri haqqı olan azadlığa ehtiyac duyur, digər tərəfdən də ilahi peyğəmbərlər ilk şəxslər ünvanı ilə bəşər övladının bu böyük haqqını – azadlığı müdafiə etmiş, onun tanıtdırılması və həyata keçməsi üçün səy göstərmişlər. Onların bəşəriyyət üçün ərməğan gətirdikləri maariflər ən gözəl prinsiplərə – insanlar arasında azadlığın qorunub saxlanmasına şamildir. Məhz buna görə də peyğəmbərlər həmişə insanların xatirələrində canlı və əbədi qalmışlar. Amma texnika aləmində ixtiraçılar cəmiyyətin maddi ehtiyaclarını təmin etməyə çalışsalar da, sonradan elm, sənaye və texnikada yeni-yeni ixtiralar, daim irəliləyişlər baş verdiyi üçün onların adları bir müddətdən sonra xatirələrdən silinib təmizlənir. Misal üçün, bugünkü dövrdə bir şəxs Misir fironlarının dövründə ixtira olunan şüşə üçün heç bir müqəddəslik görmür və onun ixtiraçısını yad etmir.
Amma azadlıq insanın təbii haqqı, onun fitrəti və təbiəti ilə qaynayıb qarışmış bir istəyidir. Bu müqəddəs haqq barəsində nəzərdə almaq lazımdır ki, onun məfhumu müxtəlif mənalar kəsb edən məfhumlar sırasındadır. Bir kəsin bilə-bilə, yaxud bilməməzlik üzündən azadlığın bir mənasına aid olan hökmü onun başqa mənalarına da götürməsi mümkündür! Azadlığın məfhumu barəsində sözdə olan sofistikaya düçar olmamaq üçün gərək onun müxtəlif mənaları ilə tanış olaq:
a) Vücud baxımından istiqlaliyyət mənasına olan azadlıq
Azadlığın mənalarından biri budur ki, bir varlıq tamamilə və hər bir cəhətdən müstəqil olsun, digər varlıqlardan heç birinin nüfuz və təsir dairəsində olmasın. Misal üçün, Allaha etiqadı olmayan insanlar deyirlər ki, varlıq aləmi (kainat) heç bir şeyə bağlı deyildir, özü-öz ayaqları üzərində dayanmışdır. Yaxud Allaha imanlı olan şəxslərdən bəziləri deyir ki, Allah-taala aləmi xəlq etdikdən sonra onu öz başına boşlamışdır və xəlq edildikdən sonra aləmin Allaha ehtiyacı yoxdur! Belə şəxslər aləmdə insan üçün də bu qəbildən olan azadlığa inanırlar. Lakin İslam nəzərindən bu növ azadlıq (vücud baxımından istiqlaliyyət) yalnız Allah-taalanın müqəddəs zatında həsr olunur və vücud məhdudiyyəti yalnız Allah-taalada yoxdur, yalnız O, hər bir cəhətdən müstəqil və ehtiyacsızdır, digər varlıqların hamısı bütünlükdə Ona bağlı və Ona ehtiyaclıdır.
b) İxtiyar mənasına olan azadlıq [1]
Azadlığın ilahiyyat, fəlsəfə, kəlam, eləcə də fəlsəfi psixologiya sahələrinə aid olan digər bir mənası da cəbr (məcburiyyət) qarşısında olan azadlıqdır. Qədim dövrlərdən nəzər sahibləri və mütəfəkkirlər arasında belə bir bəhs olmuşdur ki, görəsən insan doğrudanmı öz rəftar və davranışında azad və ixtiyar sahibidir, yoxsa azad olduğunu sadəcə güman edir, həqiqətdə isə məcburdur və özündən heç bir iradəsi yoxdur?! [2]
Bu bəhsdə üç nəzəriyyə mövcuddur:
1. Məcburiyyət və iradəsizlik: Bu nəzəriyyənin ardıcılları [3] deyirlər ki, insanlar öz əməl, rəftar və davranışlarında ən azacıq belə, iradə sahibi deyildirlər və bəşər ustanın əlində olan şüurlu bir vasitə, əmək aləti kimidir, baş verən şeylər isə Allahın istək və iradəsidir.
2. Təfviz və ya hər şeyin (mütləq şəkildə) insana həvalə edilməsi. Bu nəzəriyyə ardıcılları [4] deyirlər ki, Allah-taala insanı yaratmış və onda iradə, beyin, şüur, əsəb sistemi qoymuş, işlərinin hamısını onun özünə həvalə etmişdir. Buna əsasən, Allah-taala insanın əməl, rəftar və davranışında heç bir təsir qoymur, qəza və qədərin də heç bir təsiri yoxdur.
3. “Əmrun beynəl-əmreyn” yaxud tam ixtiyarla sırf məcburiyyət arasında olan bir məsələ [5] (nə sırf cəbr, nə də sırf təfviz; əksinə bir növ ixtiyar).
Şiələr Əhli-beytə (əleyhimus-salam) tabe olaraq bu əqidəni seçmişlər. Yəni insanın müqəddəratı onun öz əlindədir, əməl, rəftar və davranışında ixtiyar sahibidir, amma Allahın istəyi ilə, ilahi qəza və qədərin təsiri əsasında. Başqa sözlə, insanla əlaqədar hər hansı bir hadisə və əməldə iki iradə təsiri qoyur: Allahın iradəsi və insanın iradəsi. Bu iki iradə həyata keçməyincə heç bir əməl baş vermir.
Əlbəttə, bu iki iradə eyni səviyyəli, yəni iki səbəbin vahid bir nəticəyə təsir göstəriləsi qəbilindən deyildir. Əksinə, bir-birinin davamındadır və biri digərindən sonrakı mərhələdə gəlir. Yəni hər bir varlığın vücudu ilahi vücud sayəsində və hər bir qüdrət sahibinin qüdrətinin Allahın qüdrətinə bağlı olduğu kimi, hər bir ixtiyar sahibi olan varlığın ixtiyar və iradəsi də Allah-taalanın ixtiyar və iradəsinin davamında gəlir.
Bu nəzəriyyənin düzgünlüyünü çox sadə bir dəlillə isbat etmək olar: Bir tərəfdən Allahın xaliqiyyət və rübubiyyətdə tövhidinə, Onun hər bir şeyə qüdrət və iradəsinin ümumiliyinə diqqət yetirməklə, digər tərəfdən isə, Onun ədalətinə, bütün insanlarda mövcud olan fitrətin və ümumi vicdanına şəhadətinə nəzər yetirməklə insanın ixtiyar və azadlığını dərk etmək olar.
Diqqət yetirilməli məsələ budur ki, bu bəhsdə deyilən azadlıq əyani gerçəklikdən xəbər verən təkvini azadlıq mənasınadır. Bu bəhsdən hüquqi və dəyər azadlığını nəticə almaqla ləfzi müştərəklik (omonim) müğalətəsinə düşmək olmaz.
v) Ürək bağlamamaq mənasına olan azadlıq [6]
Azadlığın üçüncü mənası əsas etibarı ilə əxlaq və irfanda istifadə olunan bir məfhumdur və məqsəd budur ki, insan dünyaya, maddi ləzzətlərə, dünyəvi və qeyri-ilahi şeylərə ürək bağlamasın. Onun eşq və məhəbbəti yalnız Allah-taalaya bağlansın. Əgər bir şeyi sevirsə, yalnız Allaha məhəbbət sayəsində sevsin, Allahın camalının əks etdiricisi olduğuna görə ona ürək bağlasın. Dəyər mənasından ibarət olan azadlığın bu mənası mütləq şəkildə və heç bir qeyd olmadan istənilmir. Yəni əgər insan hər bir şeyə və şəxsə məhəbbətdən, hətta Allaha məhəbbətdən belə azad olsa, onda bu, dəyərin ziddi olur. Sapmaların və müğalitlənin də yeri belə hallardadır.
q) İctimai kateqoriyadan biri olan “qul olmaq” müqabilindəki azadlıq”
Qədim dövrlərdə [7] qul alveri rəvacda idi, bəzi insanlar digərlərini qul kimi alır, onları işlədir və istismar edirdilər. Bir qrup insan da azad idi və heç kəsin qulu deyildi. İslamın zühuru ilə eyni zamanda qulların azad olunması istiqamətində əsaslı tədbirlər irəli sürüldü ki, ixtisara riayət etmək üçün onları qeyd etmirik. Əziz oxucular bu barədə yazılan kitablara müraciət edə bilərlər.
d) Hüquq və siyasət terminində olan azadlıq (hakimiyyət haqqı)
Azad insan o insandır ki, qeyrisinin hakimiyyəti altında olmasın, öz həyat, rəftar, davranışını yalnız özü təyin etmiş olsun. Burada iki növ nəzəriyyə mövcuddur:
Birincisində deyilir ki, insan gərək mütləq şəkildə azad olsun və heç kəsin, hətta Allahın belə, hakimiyyəti dairəsində qərarlaşmasın.
Şiənin əqidəsi budur ki, insan gərək sair insanların hakimiyyəti altında olmasın; nəinki Allahın da hakimiyyət dairəsindən azad olsun. Yəni hakimiyyət (haqqı) ilk növbədə və əsas etibarı ilə yalnız Allaha məxsusdur və Allah bu hakimiyyət haqqını (istədiyi) insana həvalə edə bilər.
Onun ən sadə dəlili budur ki, Allah-taala bizim maddi və fiziki vücudumuzu yaratmış və mənşəyi ilahi yönə malik olan ruhu bizə vermişdir. Bundan əlavə, bizə sonsuz nemətlər də vermişdir ki, heç bir vəchlə sayılıb qurtara bilməz. O cümlədən hava, su, yemək, bədən üzvləri, təfəkkür qüvvəsi və insanın həyatı ilə əlaqəli olan hər bir şey. Allahın bu maddi və mənəvi nemətlərlə əlaqədar malikiyyət haqqı heç bir vəchlə alına bilməz. O həqiqi malik, biz isə Onun bəndəsi və Onun mülkiyyətiyik. “Malik öz mülkündə istədiyi hər bir şeyi əncam verə bilər” kimi əqli qanuna əsasən Onun bizim üzərimizdə hər növ təsərrüf etməyə haqqı vardır. Biz gərək Onun müqabilində sözsüz təslim və itaətçi olaq.
Bunu da qeyd edək ki, heç kəs bizim vücud kamalımızdan, ehtiyac və xüsusiyyətlərimizdən xaliqimiz və yaradanımız qədər xəbərdar deyildir, heç kəs də mənəvi kamallara çatmaq yolumuzu Onun qədər bilmir. Deməli, yalnız Allah-taala həm bizim təkamülə çatmağımızı və məsləhətimizi istəyir, həm də təkamülə çatmaq yollarını bilir. Deməli, əgər biz öz məsləhətimizi istəyiriksə, gərək Allahın bizim üçün bəyəndiyi yol və üslublara tabe olaq, Onun hakimiyyətini qəbul edək. [8]
q) Hüquqi azadlıq [9]
“Hüquqda azadlıq” dedikdə məqsəd budur ki, ictimai həyatda elə işlər vardır ki, insan özü onları yerinə yetirə bilər, dövlət və hökumətin də onların qarşısını almağa haqqı yoxdur. O cümlədən, insanın yaşayış yeri, paltar növü, iş, həyat yoldaşı seçməkdəki azadlığı, söz və əqidə azadlığı və s. [10]
Bu barədə azadlıq və hüquqların mütləq olmadığı, habelə müəyyən hədd-hüdudlarda olacağı barədə heç bir mübahisə və münaqişə yoxdur. Keçmiş dövrlərdən indiyə qədər dünyanın heç bir yerində heç bir hüquq sistemi insanlara mütləq azadlıq verməmişdir. Ümumiyyətlə, qanun və hüquq sisteminin tənzim olunmasın özü cəmiyyətdə müəyyən hədd-hüdudun təyin edilməsi mənasınadır. Bəhs yalnız azadlığın hüdudları ilə əlaqədar irəli çəkilir.
Hal-hazırda adətən deyilir ki, azadlığın həddi-hüdudu başqalarının azadlığıdır, yəni insan hər bir işi görməkdə azaddır, yalnız onun rəftar və davranışı başqalarının azadlığına maneçilik törətdiyi hallar istisnadır. Hüquqda liberal nəzəriyyənin qoyuluşu belədir.
Amma bu məsələni İslam nəzərindən araşdırmaq istəsək, cavab bu olacaqdır: azadlığın həddi-hüdudu insanın maddi və mənəvi məsləhətləri, dünya və axirət məsləhətləri əsasındadır. Yəni hər bir əməl, rəftar və davranışın seçilməsində azadlığın ilkin prinsipi budur ki, insanın məsləhətlərini təmin etsin, istər maddi, istərsə də mənəvi. [11]
Bu məsələ ona oxşayır ki, yeyinti məhsulları və dava-dərman istehsal edən bir şəxsə, insan sağlamlığına zərər verən şeylər istisna olmaqla, istədiyi hər növ yeməyi və ya dava-dərmanı istehsal etməkdə azadlıq verilsin. Bir istehsalçının məhsulları içərisində də zəhərli, yaxud insan həyatına zərərli olan bir dərmanın və ya yeməyin varlığına ehtimal əsasında onun istehsalı qadağan olunur. Burada artıq ticarət azadlığından söhbət getmir və heç kəs də bu qadağanın “bəşər hüquqları”nın əksinə olduğunu demir. Uzağı bunu deyə bilərlər ki, dünyada mövcud olan və diqqət mərkəzinə olan şeylər adətən, insanın orqanizminə vurulan zərərlərdən ibarətdir. Amma İslam dini fiziki zərərlərdən əlavə, mənəvi və ruhi zərərləri də nəzərdə almışdır.
Yekun bəhs
Siyasi bəhslərdə əsas mehvəri təşkil edən mədəni və ya ictimai azadlıq bu kateqoriyada yerləşdirilir. Bu bölmədə ictimai azadlıqla əlaqədar əsas sual budur ki, dövlət və ya qanun fərdi azadlıqları hansı həddə qədər məhdud edə bilər?
Cavab: İslam nəzərindən insanın, bütün xeyirlərə və mənəviyyatlara dəvət edən ilahi fitrətə malik olmasına baxmayaraq, [12] onun varlığında heyvani meyllərin mənşəyi sayılan maddi təbiət də vardır. Bəşərin əbədi səadəti onun fitrətinin maddi təbiətinə qələbə çalması ilə hasil olur. Əlbəttə, onun təbiəti də öz payına uyğun olaraq layiqincə bəhrələnməlidir.
Digər tərəfdən, insanın dünya həyatını təmin edən qanunçuluq da ilahi hidayət ilə və rəbbani vəhy sayəsində olmalıdır. Çünki, insanın məsləhət və zərərini düzgün şəkildə bilən yalnız Allahdır.
Buna əsasən, islamın siyasi təfəkküründə nə ifratçı azadlığa icazə verilir ki, onun fəsada düşməsinə səbəb olsun, nə də insana bədbin nəzərlə onu hər növ ədalətsiz hökuməti qəbul etməyə məcbur edir ki, onun bütün insani kəramətlərini aradan aparsın, fəal, məsuliyyətli və ixtiyar sahibi ünvanlı bir varlıq əvəzinə ondan iradəsiz, xar və zəlil bir varlıq düzəltmiş olsun. [13]
Bu məqalənin hazırlamasında istifadə olunan mənbələr:
1. “İslamda hüquq nəzəriyyəsi”, Misbah Yəzdi, Məhəmməd Təqi, səh. 303-400
2. “Səadət yolu”, Şərani, Əbul-Həsən, səh. 97-98
3. “Etiqad prinsipləri”, Qaimi, Əsğər, səh. 78-84
4. “Vilayət və diyanət”, Hadəvi Tehranı, Məhdi, səh. 131-134
[1] Bu barədə aşağıdakı görünüşə bax: “İnsan və ixtiyar”, sual 7673 (sayt 7746)
[2] Bu barədə aşağıdakı görünüşə bax: “İnsan və ixtiyar”, sual 10284 (sayt 10240)
[3] Sünnülərin əksəriyyəti, hətta hamısı bu nəzəriyyəni qəbul edilər.
[4] Bu nəzəriyyənin tərəfdarları sünnülərdən mötəzilə adlı bir qrupdur ki, onların nəsli kəsilmişdir və hal-hazırda bu nəzəriyyənin tərəfdarı yoxdur.
[5] Bu barədə aşağıdakı görünüşə bax: “Əmrun beynəl-əmreyn”, sual 7676 (sayt 7751)
[6] Bu barədə aşağıdakı görünüşə bax: “Din və azadlıq”, sual 74 (sayt 317)
[7] Quldarlıq hal-hazırda inkişaf etmiş mədəni dünyada da müxtəlif formalarda mövcuddur.
[8] Bu hakimiyyət növü İslam hökuməti sistemində (vilayəti-fəqih) təcəlli etmişdir. Bu barədə aşağıdakı görünüşə bax: “Vilayəti-fəqih və azadlıq”
[9] “Hüquqda azadlıq” bəhsinin insanların xüsusi və şəxsi həyatı, eləcə də sırf fərdi rəftarları ilə heç bir əlaqəsi yoxdur ki, hüquq onları məhdud etmək istəsin və ya istəməsin. Əksinə, bu, ictimai həyatla əlaqədar olan bir məsələdir.
[10] Bu barədə aşağıdakı görünüşə bax: “İslamda əqidə azadlığı və mürtədin edam olunması”, sual 53; həmçinin “Söz azadlığının meyar və hüdudları”, sual 92 (sayt 1765