Please Wait
8657
İşarə etdiyiniz rəvayətlər Əbdüllah ibni Əbi Sərəhin mürtəd olması ilə əlaqədardır. Onun necə və nə üçün mürtəd olması ilə əlaqədar üç rəvayət gəlmişdir. Amma, əvvəla, onun necə mürtəd olması ilə əlaqədar ixtilaf vardır. Onunla əlaqədar nəql olunan bəzi rəvayətlər də Quranın təhrif olunmasına, dəyişdirilməsinə dəlalət etmir. Bəziləri müəmmalı və anlaşılmazdır, yalnız azlıqda olan bəzi rəvayətlərə uyğun olaraq Quranın təhrif olunması irəli çəkilir. Buna görə də ona dəqiq şəkildə istinad oluna bilməz.
İkincisi: Mərhum Səduqun nəql etdiyi rəvayətlərə əsasən bu üçüncü qisimdən olan rəvayətlər də heç bir vəchlə təhrifə dəlalət etmir. O “huvə vahid” cümləsi barəsində (bu, üçüncü dəstədən olan rəvayətlərdə Peyğəmbərdən nəql olunmuşdur) barəsində yazır: Məqsəd budur ki, “dəyişsən də, dəyişməsən də sənin dəyişdirdiyin şeylər yox, mənim imla etdiyim şeylər yazılacaqdır.”
Üçüncüsü: Əgər mərhum Səduqun yozumunu qəbul etməsək və eyni halda bu rəvayətləri sənəd baxımından da səhih hesab etsək də, bu qəbildən olan rəvayətlər Quranın aşkar bəyanı ilə müxalif olduğundan onlara istinad edilə bilməz. Peyğəmbərin və imamların (əleyhimus-salam) göstərişinə əsasən, bu cür rəvayətləri qəbul etməməliyik.
Son məsələ: Əbdüllah ibni Əbi Sərəh mürtəd olduqdan sonra Məkkəyə qaçdı. Məkkənin fəth olunduğu zaman da Peyğəmbər Osmanın vasitəçiliyi ilə onu edam etmədi. Osmanın xilafəti dövründə o, Misirin valisi olmuşdur.
Bu rəvayətlər əslində Quranın təhrifinə edilməsinə yox, əksinə onun təhrif olunmamasına dəlalət edir. Çünki Quranın təhrif olunmamasına inananlar müxaliflərin təhrifin isbatı istiqamətindəki səylərini inkar etmirlər; əksinə onların bu səylərdə müvəffəqiyyət qazanmamalarını inkar edirlər. Bunun dəlili də budur ki, əvvəla: Quranın qorunub-saxlanması və hifz olunması Allah tərəfindəndir. İkincisi, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özü də Quranın qoruqçusu və mühafizəçisi idi və onu hər növ təhrif və dəyişiklikdən hifz etmişdir. İbni Əbi Sərəh tərəfindən baş verən bu fəaliyyətlər də Peyğəmbərin mübarizə məqamına gəldiyi şəxslərin məkrli planlarının məğlubiyyətə uğramasının aşkar nümunələrindən biridir və həzrət bu hiylələri beşikdə ikən məhv etmişdi. Həqiqətdə bu rəvayətlərə tam və dərin diqqətlə yanaşanlar başa düşər ki, bu rəvayət Quranın təhrifinə yox, əksinə təhrifdən amanda qalmasına dəlalət edir.
Cavabın aydın olması üçün bir neçə məsələni qeyd etmək zəruridir:
1. Quranın təhrif olunmaması və dəyişdirilməməsi bəzi möhkəm və qəti əqli dəlillərə istinad edilir. (Bunlar keçmiş suallarda bəyan olundu.)[1] İndi isə nəqli dəlillərdən bəzilərinə işarə edirik:
1. Bəzi Quran ayələri aşkar şəkildə göstərir ki, bu kitabda heç bir dəyişiklik və təhrif oluna bilməz və onun təhrif olunması qeyri-mümkündür:
“Batil nə öndən, nə də arxadan (heç bir tərəfdən) ona yol tapa bilməz. Bu, hikmət sahibi və tərifə layiq olan Allah tərəfindən nazil olunmuşdur.”[2]
“Quranı Allahdan başqasına istinad vermək rəva deyildir; əksinə o özündən əvvəl gəlmiş olanları təsdiq edir və o kitabların izahıdır. Şübhəsiz, aləmlərin Pərvərdigarı tərəfindəndir.”[3]
2. Vəhyin alınmasında, saxlanmasında və ümmətə çatdırılmasında Peyğəmbəri-Əkrəmin (səlləllahu əleyhi və alih) ismət məqamına dəlalət edən ayələr:
a) Peyğəmbərin vəhyi almaq məqamındakı (hər növ səhv, xəta, unutqanlıqla əlaqədar) ismət və günahsızlığı: “Həqiqətən sən Quranı hikmət sahibi və elmli Allah tərəfindən əxz edirsən.”[4]
b) Quranın qorunub saxlanması məqamında isməti: “Biz Quranı sənə qiraət etdik və sən onu yaddan çıxarmazsan.”[5]
v) Peyğəmbərin Quranı tilavət və təbliğ məqamındakı isməti: “Peyğəmbər Quran ayələrini onlara tilavət edir.”[6] Yaxud buyurur: “Peyğəmbər nəfsani istəklər üzündən söz danışmır; onun sözləri yalnız ilahi vəhydir.”[7]
Hətta Allah-taala Peyğəmbəri təhdid edərək buyurur ki, əgər (qeyri-mümkün fərz ilə) vəhydə azacıq dəyişiklik edərsə, onu ən şiddətli əzabla cəzalandırar: “Əgər Peyğəmbər iftira üzündən bəzi sözləri Bizə yaxsaydı, qüdrətlə onu tutar, sonra onun qəlbinin damarını kəsərdik və sizdən heç kəs buna mane ola bilməzdi.”[8]
3. Bir çox ayələr göstərir ki, Peyğəmbər Quranda heç bir dəyişiklik icad etməmişdir: “Mənim haqqım yoxdur ki, onu (Quranı) öz tərəfimdən dəyişdirəm; mənə nə vəhy olunursa, ona da tabe oluram.”[9]
4. Bir çox rəvayətlərdən də Quranın təhrif olunmaması və dəyişdirilməməsi məlum olur. Nümunə üçün bir rəvayəti qeyd edirik: Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Mən sizin aranızda iki ağır əmanət qoyuram – Allahın kitabı və itrətim. Bu ikisi “Kövsər” hovuzunda mənim yanıma gəlincəyə qədər heç vaxt bir-birindən ayrılmazlar.”[10]
Həm şiə, həm də sünnülər tərəfindən qəbul olunan bu rəvayətdən aydın olur ki, Quran qiyamət gününə qədər istinad olunmağa səlahiyyətlidir və bütün insanlara höccətdir. Deməli, əgər Quran təhrif edilib dəyişdirilsəydi, din hökmlərində mötəbər bir mənbə kimi istinad olunmağa səlahiyyəti olmazdı.
2. Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən və məsum imamlardan (əleyhimus-salam) nəql olunan çoxlu rəvayətlərdə buyurulur ki, hədislərin qəbul və ya rədd olunmasının meyarı Quran ilə uyğun gəlib-gəlməməsidir.
Aşağıda o hədislərdən bəzilərini qeyd edirik:
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Hər şey Allahın kitabına müvafiq olsa, qəbul edin və hər şey də Quranla müxalif olsa, qəbul etməyin.”[11]
İmam Sadiq (əleyhis-salam) buyurur: “Bizdən nəql olunan hədislərin (hamısını yox) yalnız Quranla uyğun olanlarını qəbul edin. Allahın sözü ilə müxalif olanları qəbul etməyin.”[12]
Deməli, yuxarıda işarə etdiyiniz rəvayətlər (fərz üzrə) sənəd və dəlalət baxımından düzgün və səhih məfhuma malik olarsa, Peyğəmbərin və məsum imamların göstərişinə əsasən, çoxlu Quran ayələri ilə müxalif olduğu üçün onları qəbul etməməliyik. Çünki onların istinad olunmağa ləyaqəti və səlahiyyəti yoxdur.
3. Sizin işarə etdiyiniz rəvayət Əbdüllah ibni Əbi Sərəhin mürtəd olması ilə əlaqədardır. Onun necə və hansı əsasa görə mürtəd olması ilə əlaqədar üç rəvayət gəlmişdir:
a) Bəzi rəvayətlərdə deyilir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) “Tin” surəsinin ayələrini ona imla edir və o da yazırdı. “Summə ənşə’nahu xəlqən axər” ayəsinə çatanda həzrət bu ayəni deməmiş İbni Əbi Sərəh insanın necə xəlq olunmasından təəccübləndi və dedi: “Fətəbarəkallahu əhsənul-xaliqin!” Peyğəmbər buyurdu: “Yaz: fətəbarəkəllahu əhsənul-xaliqin”. Bundan sonra İbni Əbi Sərəhin qəlbində vəsvəsə yarandı. Öz-özünə dedi: “Əgər bu vəhydirsə, onda mənə də vəhy olunur! Əgər yalandırsa, onda Peyğəmbər (nəuzu billah) yalan deyir!” Buna görə də mürtəd olaraq Məkkəyə qaçdı.[13]
b) Bəzi rəvayətlərdə deyilir ki, İbni Əbi Sərəh vəhyi yazanda onda dəyişiklik edirdi. Buna görə də Peyğəmbər onu vəhyi yazmaq məqamından çıxartdı və o mürtəd olaraq Məkkəyə qaçdı.[14]
v) Feyz Kaşani imam Sadiq (əleyhis-salam)-dan nəql edir ki, Əbdüllah ibni Səd ibni Əbi Sərəh, Osmanın süd qardaşı idi və onun xətti çox gözəl idi. Hər vaxt vəhy nazil olurdusa, həzrət Peyğəmbər onu çağırır və vəhyi ona oxuyurdu, o da yazırdı. Amma “səmiun bəsir” kəlməsinin yerinə “səmiun əlim” və “bima tə’ləmunə xəbir” kəlməsinin yerinə “bima tə’məlunə bəsir” yazırdı. Yaxud ی “ya” kəlməsinin ت “ta”ya çevirib yazırdı. Bununla belə həzrət buyurdu: “Huvə vahidun” – Yəni bunların fərqi yoxdur. Nəhayət, o, mürtəd olaraq Məkkəyə qaçdı və Qüreyşə dedi: “Allaha and olsun! Muhəmməd nə dediyini bilmir! Mən də onun kimi sözlər deyə, onun kimi ayə nazil edə bilərəm!”[15]
Belə nəticə alırıq ki, əvvəla, bu rəvayətlər onun necə mürtəd olmasında ixtilaflı olduğuna görə onlara yüz faiz istinad etmək olmaz. Çünki, birinci nəqlə əsasən onun təhrifə heç bir dəlaləti yoxdur və İbni Əbi Sərəhin ürəyindən keçənlərin ilahi vəhy olması, ondan əvvəl Peyğəmbərin qəlbinə nazil olması ilə heç bir ziddiyyət yaratmır. İkinci nəql də həm müəmmalı, həm də anlaşılmazdır. Yalnız üçüncü nəqlə əsasən Quranın təhrifinə dəlalət edir.
İkincisi: Mərhum Səduq Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu “huvə vahid” kəlməsinin izahında demişdir: “Yəni dəyişsən də, dəyişməsən də sənin dəyişdirib yazdığım yox, mənim imla dediyim yazılacaqdır.”[16]
Deməli, əgər bu rəvayət (üçüncü nəqlə əsasən) sənəd baxımından düzgün olarsa, zahirən mərhum Səduqun izahı və yozumu qəbul oluna bilər. Çünki bu izah həqiqətdə Quranın aşağıdakı məzmunu vurğulayan ayələri ilə müvafiqdir: “Quranda heç bir dəyişiklik ola bilməz!” Eləcə də Peyğəmbərin vəhyi almaq, saxlamaq və təbliğ etmək məqamında məsum olması və heç bir səhvə yol verməməsini göstərən ayələrlə müvafiqdir.
Üçüncüsü: Əgər Mərhum Səduqun izahını qəbul etməsək və o rəvayəti sənəd baxımından da səhih hesab etsək, ikinci məsələdə bəyan olunduğu kimi, belə rəvayətlər Quranın aşkar bəyanı ilə ziddiyyətli olduğundan onlara istinad etmək olmaz. Peyğəmbərin və məsum imamların göstərişlərinə əsasən bu kimi rəvayətləri qəbul etməməliyik.
4. Əbdüllah ibni Əbi Sərəh mürtəd olaraq Məkkəyə qaçdı. Peyğəmbər Məkkənin fəthində Osmanın vasitəçiliyi ilə onu edam etmədi. Sonralar Osmanın Misirdəki valisi olmuşdu.[17]
Bu izahların hamısından keçəndə, bu rəvayət Quranın təhrifinə yox, əksinə, onun təhrif olunmamasına dəlalət edir. Çünki Quranın təhrif olunmamasına inananlar müxaliflərin təhrif barəsindəki səylərini inkar etmirlər, əksinə onların bu işlərdə müvəffəqiyyət qazanmalarını inkar edirlər.
Çünki, əvvəla: Quranın qorunub saxlanması Allahın öhdəsindədir. İkincisi, Peyğəmbərin özü də Quranı qoruyub saxlayır və təhrifdən amanda saxlayırdı. İbni Əbi Sərəhin tərəfindən göstərilən bu səylərin məğlubiyyətə uğraması da bu cür mənfur və məkrli planların, batil hiylələrin nümunələridir ki, Peyğəmbər onlarla mübarizə aparmağı öhdəsinə almış, bu hiylələri beşikdə ikən boğmuşdu.
[1] Bax: Görünüş, “Quranın təhrif olunmaması”, sual 453 (sayt 486)
[2] “Fussilət” surəsi, ayə: 42
[3] “Yunis” surəsi, ayə: 37
[4] “Nəhl” surəsi, ayə: 6
[5] “Əla” surəsi, ayə: 6
[6] “Ali-İmran” surəsi, ayə: 164
[7] “Nəcm” surəsi, ayə: 3 və 4
[8] “Haqqə” surəsi, ayə: 44-47
[9] “Yunis” surəsi, ayə: 15
[10] “Müsnədi Əhməd”, hədis, 10681; “Sünəni Termizi”, hədis 373; “Müstədrək”, Hakim, 3-cü cild, səh. 109
[11] “Kafi”, 1-ci cild, səh. 109
[12] “Biharul-ənvar”, 2-ci cild, səh. 249
[13] Yenə orada, 22-ci cild, səh. 34
[14] “Təfsiri Əyyaşi”, 1-ci cild, səh. 369
[15] Feyz Kaşani, “Təfsiri Safi”, 2-ci cild, səh. 140, “Ənam” surəsinin 93-cü ayəsi, Tehran çapı, “Məktəbətul-islamiyyə”
[16] Səduq, “Məanil-əxbar” (“Biharul-ənvar”dan nəqlən: 92-ci cild, səh. 35)
[17] “Biharul-ənvar”, 17-ci cild, səh. 178